IMG-LOGO

BMT: Cənubi Sudanda 7,8 milyon insan kəskin qida problemi ilə üz-üzə qalıb

28 Apr 2026 23:50 4 baxış
IMG

Cənubi Sudanda dərinləşən aclıq böhranı 2026-cı ilin aprel və iyul ayları arasında 7,8 milyon insanı kəskin qida problemi ilə üz-üzə qoyub, 2,2 milyon uşaq aclıqdan əziyyət çəkir.

"Report" xəbər verir ki, bu məlumat BMT-nin Ümumdünya Ərzaq Proqramının saytında yerləşdirilib.

"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı və UNICEF bu gün xəbərdarlıq edib ki, ən son təhlilə əsasən, Cənubi Sudanda dərinləşən aclıq böhranı 2026-cı ilin aprel və iyul ayları arasında 7,8 milyon insanı kəskin qida təhlükəsizsizliyinin yüksək səviyyələrinə sürükləyir", - məlumatd bildirilib və əlavə edilib ki, bu, əhalinin 56 faizini təşkil edir və bu gün dünyada ən yüksək kəskin qida təhlükəsizsizliyi səviyyələrindən biridir.

Qeyd olunub ki, 2,2 milyon uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir:

"Münaqişə və məcburi köçkünlük böhranı dərinləşdirir, ən çox zərər çəkmiş bölgələrdə aclıq riski var; təxminən 700.000 uşaq şiddətli və ölümcül qida çatışmazlığı təhlükəsi altındadır".

Böhrana səbəb olan amillər artan münaqişə, kütləvi köçkünlük, iqtisadi tənəzzül, iqlim şokları, daşqınlar və potensialdan aşağı kənd təsərrüfatı istehsalıdır ki, bunların hamısı ərzaq əlçatanlığını azaldır və ailələrin kifayət qədər qida əldə etmək imkanlarını məhdudlaşdırır: "Təkcə Jonqliy ştatında təxminən 300.000 insan məcburi köçkün düşüb və bu, bir çox icmaları humanitar yardımdan təcrid edib. Eyni zamanda artan ərzaq qiymətləri, fəaliyyəti pozulmuş bazarlar və ev təsərrüfatlarının zəif alıcılıq qabiliyyəti qida təhlükəsizsizliyini daha da dərinləşdirir".

O da bildirilib ki, münaqişə səbəbindən müəssisələrin zədələndiyi və ya bağlandığı yerlərdə səhiyyə, qidalanma xidmətlərinə çıxışın olmaması kəskin qida çatışmazlığını daha da ağırlaşdırır. Bundan əlavə, təchizat və maliyyə çatışmazlığı həyat əhəmiyyətli müalicəyə əlçatanlığı azaldıb. Vəba, malyariya və qızılca da daxil olmaqla xəstəliklərin yayılması vəziyyəti daha da kritikləşdirib.

Xəbər lenti