IMG-LOGO

Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur

29 Apr 2026 03:08 5 baxış
IMG

ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkənin Milli Səhiyyə İnstitutlarının (MSİ) keçmiş əməkdaşı Devid Morensə COVID-19 pandemiyası dövründə tədqiqat qrantları ilə bağlı sənədlərin gizlədilməsi işi üzrə ittiham irəli sürüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Merilend ştatında Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunda (MAYXİ) rəhbər vəzifə tutmuş Morensə 2020-ci ilin aprelindən 2022-ci ilin dekabrınadək olan dövrdə sənədlərin təqdim edilməsi ilə bağlı federal sorğulardan yayınmaq məqsədilə gizli sövdələşmədə ittiham irəli sürülüb.

İttiham aktı aprelin 16-da məxfilik qrifi altında təqdim edilib və bazar ertəsi açıqlanıb. Sənəddə həmçinin iki ehtimal olunan şərikin - yoluxucu xəstəliklər məsələləri ilə məşğul olan Nyu-York qeyri-kommersiya təşkilatının və MSİ qrantları almış akademik müəssisələrdən birinin həkiminin adı hallanır.

ABŞ-nin baş prokuroru vəzifələrini icra edən Todd Blanş bildirib ki, ittihama əsasən, Morens və onun ehtimal olunan şərikləri COVID-19-un mənşəyinə dair alternativ versiyalar barədə məlumatları qəsdən gizlədib və sənədləri saxtalaşdırıblar.

Morensə federal istintaq çərçivəsində gizli sövdələşmə, sənədlərin məhv edilməsi, dəyişdirilməsi və ya saxtalaşdırılması, eləcə də qeydlərin gizlədilməsi və götürülməsi daxil olmaqla beş ittiham irəli sürülüb.

Xatırladaq ki, bu iş Tramp administrasiyasının koronavirusun mənşəyi ilə bağlı araşdırmalar çərçivəsində atdığı növbəti addım olub. Respublikaçılar əvvəllər MAYXİ-nin keçmiş direktoru Entoni Fauçini COVID-19-un laboratoriya mənşəli olması versiyasını ört-basdır etmək cəhdlərində dəfələrlə ittiham ediblər. Fauçi özü isə bu ittihamları qəti şəkildə rədd edib.

Xəbər lenti