Serbiyada seçki şəraitinin yaxşılaşdırılması ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) tövsiyələrinə uyğun olaraq dörd qanuna dəyişiklik və əlavələrin may ayının sonuna qədər qəbul ediləcəyi gözlənilir.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Milli Məclisinin sədri Ana Brnabiç bildirib.
O həmçinin qeyd edib ki, yaxın günlərdə korrupsiyanın qarşısının alınması haqqında qanuna dəyişikliklərin də rəy üçün DTİHB-ə göndərilməsi gözlənilir.
A.Brnabiç vurğulayıb ki, 1 May bayramı tətilində Belqrad, Novi Sad, Niş və Kragujevats şəhərlərində yerli seçkilər, parlament üzvlərinin seçilməsi və Konstitusiya Məhkəməsi haqqında qanunlara dəyişikliklər, eləcə də prezident seçkiləri haqqında qanunun bir maddəsinə dəyişikliklərlə bağlı ictimai müzakirələr keçiriləcək.
Onun sözlərinə görə, bundan sonra həmin qanunlar parlamentin iclasında müzakirəyə çıxarılmağa hazır olacaq.
"Martın 13-dən etibarən siyasi fəaliyyətlərin maliyyələşdirilməsi haqqında qanuna təklif olunan dəyişikliklərə DTİHB-dən cavab gözləyirik. Bu da vacib qanunlardan biridir və seçki kampaniyası çərçivəsində xərclərə limit qoyur".
Sədr diqqətə çatdırıb ki, 2019-cu ildən etibarən DTİHB tövsiyələrinin icrası üzərində intensiv iş aparılır və seçki şəraiti davamlı şəkildə yaxşılaşdırılır.