IMG-LOGO

Rusiyada səkkiz nəfərin ölümü ilə nəticələnən yanğınla əlaqədar 5 nəfər saxlanılıb

29 Apr 2026 15:54 4 baxış
IMG

Aprelin 28-də Moskvada tikinti sahəsində səkkiz nəfərin ölümü ilə nəticələnən yanğının araşdırılması çərçivəsində 5 nəfər, o cümlədən inşaatçı şirkətin nümayəndəsi və tikinti şirkətinin baş direktoru saxlanılıb.

"Report" bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsinə istinadən xəbər verir.

"Cinayət işi çərçivəsində inşaatçı şirkətə, texniki sifarişçiyə və obyektin tikintisi üzrə baş podratçıya təkbaşına rəhbərlik edən inşaatçının benefisiarı və inşaatçı şirkətin baş direktoru saxlanılıb", - İstintaq Komitəsi qeyd edib.

Məlumata görə, yanğın inşaatçı, texniki sifarişçi və baş podratçının vəzifəli şəxsləri tərəfindən yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və tikinti normaları sahəsində tələblərin sistematik şəkildə yerinə yetirilməməsi səbəbindən mümkün olub.

"Bununla yanaşı, işlək avtomatik yanğın siqnalizasiyası və yanğınsöndürmə sistemlərinin olmaması, tezalışan materialların icazəsiz yığılması, binanın mərtəbələrindən birində yanan materiallardan pəncərəsiz və havalandırma sistemi olmadan quraşdırılmış 20-yə yaxın məişət köşkünün yerləşməsi faciənin bilavasitə səbəbləri olub. Eyni zamanda, iki təxliyə pilləkənindən birinin bağlı olması kritik vəziyyətdə insanların vaxtında təxliyə edilməsinə imkan verməyib", - məlumatda qeyd olunub.

Əlavə edilib ki, cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 216-cı maddəsinin 3-cü hissəsində (tikinti işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan səkkiz nəfərin ölümünə səbəb olmaq) nəzərdə tutulmuş cinayət əlamətləri üzrə başlanılıb.

Hadisə nəticəsində 8 nəfər yanma məhsullarından kəskin zəhərlənmədən ölüb, üç nəfərin sağlamlığına isə ağır zərər dəyib.

Xəbər lenti