IMG-LOGO

ADB Azərbaycanda yeni nəsil sərhəd məntəqələrinin yaradılmasına investisiya yatırmağı planlaşdırır

29 Apr 2026 15:45 4 baxış
IMG

Asiya İnkişaf Bankı (ADB) "CAREC ölkələri üçün yeni nəsil dövlət sərhəd buraxılış məntəqələrinin inkişafı" layihəsi çərçivəsində ümumi məbləği 1 milyon ABŞ dolları olan texniki yardımı təsdiqləyib.

"Report" ADB-yə istinadən xəbər verir ki, layihədə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistan iştirak edir. Maliyyələşmə ADB-nin Xüsusi Texniki Yardım Fondundan təmin ediləcək.

Texniki dəstək innovativ və ekoloji dayanıqlı həllərin tətbiqi ilə sərhəd buraxılış məntəqələrinin yenilənməsində ADB-yə və inkişaf etməkdə olan üzv dövlətlərə, ilk növbədə CAREC ölkələrinə kömək etmək üçün nəzərdə tutulub.

Nəqliyyat dəhlizləri boyu bir sıra yığcam fərdi layihələrin maliyyələşdirilməsinə yönəlmiş "BUILD" mexanizminin tətbiqi ilə sərhəd buraxılış məntəqələri layihələrinin hazırlanması üçün CAREC proqramından platforma kimi istifadə olunacaq.

Texniki yardım çərçivəsində üç prioritet buraxılış məntəqəsi üçün layihə sənədlərinin hazırlanması; "BUILD" mexanizmindən istifadə etməklə layihələrin həyata keçirilməsi üzrə yeni metodologiyanın işlənib hazırlanması; iştirakçı ölkələrin mütəxəssislərinə sərhəd buraxılış məntəqələrinin istismarı və idarə edilməsi məsələlərinə dair təlimlərin keçirilməsi nəzərdə tutulur.

2010-cu ildən etibarən ADB CAREC dəhlizləri üzrə avtomobil və dəmir yolu yükdaşımalarının vaxt və maliyyə xərclərini hər il izləyir. Monitorinq məlumatları göstərir ki, CAREC regionundakı buraxılış məntəqələri transsərhəd nəqliyyat və logistika üçün hələ də əsas dar yerlər olaraq qalır.

CAREC nəqliyyat şəbəkəsinin səmərəliliyinə mənfi təsir göstərən və ticarət xərclərini artıran amillər arasında aşağıdakılar fərqlənir: həm ayrı-ayrı dövlətlər daxilində, həm də qonşu ölkələrlə milli nəqliyyat qurumları və sərhəd idarələri (BMAs) arasında institusional koordinasiyanın kifayət qədər olmaması; mənəvi cəhətdən köhnəlmiş infrastruktur və avadanlıqlar; sərhəd buraxılış məntəqələrinin sistematik və ya müvəqqəti bağlanması; gömrük, miqrasiya, sanitar və fitosanitar nəzarət, həmçinin təhlükəsizlik yoxlamaları üzrə az səmərəli və bir-birini təkrarlayan prosedurlar; əlavə maliyyələşdirmənin cəlb edilməsi üçün özəl investisiya çatışmazlığı.

Əvvəllər ADB ayrı-ayrı sərhəd buraxılış məntəqələri layihələrinin maliyyələşdirilməsini və təhlilini həyata keçirərək əhəmiyyətli nəticələr əldə edib. Buna baxmayaraq, hər bir konkret məntəqənin ayrılıqda modernləşdirilməsi bir sıra səbəblərə görə əməliyyat baxımından məqsədəuyğun deyil: obyektlərin nisbətən kiçik miqyası və uzaqlığı, hər biri üçün nümunəvi sənədlərin hazırlanması zərurəti, analoji tapşırıqların həlli üçün müxtəlif konsaltinq şirkətlərinin cəlb edilməsi, eləcə də hətta cüzi maliyyələşdirmə məbləğlərində belə müqayisə olunan tranzaksiya xərcləri və hazırlıq müddətləri. Bu texniki yardım BUILD mexanizmi ilə birgə ADB-nin daxili prosedurlarını optimallaşdırmağa imkan verəcək, CAREC regionunda kiçik layihələrin daha operativ və qənaətcil icrasını təmin edəcək.

Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu dövr ərzində bank ölkəyə təxminən 5,6 milyard ABŞ dolları, o cümlədən dövlət sektoruna 4,4 milyard ABŞ dolları, özəl sektora isə 1,2 milyard ABŞ dolları investisiya yatırıb. Ən böyük maliyyələşdirmə istiqamətləri nəqliyyat (1,5 milyard ABŞ dolları) və energetikadır (1,7 milyard ABŞ dolları).

Yeni strategiya çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya yatırmağa hazırdır.

ADB 1966-cı ildə yaradılıb, Baş qərargahı Manilada yerləşir. Bank 69 səhmdar ölkəni birləşdirir, onlardan 50-si Asiya-Sakit okean regionu dövlətləridir.

Xəbər lenti