Cənubi Qafqazda sülh quruculuğu istiqamətində atılan addımlar regionun gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında siyasi-ekspert Georgi Xaindrava bildirib.
Onun sözlərinə görə, tarix göstərir ki, sülhdən daha vacib heç nə yoxdur və bu gün regionda baş verən proseslər əməkdaşlığın alternativsiz olduğunu təsdiqləyir:
"Bu gün Cənubi Qafqazın üç xalqı arasında əməkdaşlıq və dinc yanaşı yaşamaq həm xalqlar, həm də gələcək üçün son dərəcə vacibdir. Region hazırda həm Avropanın, həm də Asiyanın maraq mərkəzindədir".
O vurğulayıb ki, indiyədək Azərbaycan və Ermənistan arasında sülhün tərəfdarı olub və bu istiqamətdə atılan addımların davamlı olması vacibdir:
"Ermənistan və Azərbaycan hökumət nümayəndələri arasında təmaslar intensiv şəkildə davam edir və bu, həm bu iki ölkə, həm Gürcüstan, həm də ümumilikdə Avropa və dünya üçün olduqca önəmlidir".
Georgi Xaindrava əlavə edib ki, Gürcüstan və Azərbaycan arasında təmaslar uzun illərdir müntəzəm xarakter daşıyır və yüksək əhəmiyyət kəsb edir. Onun fikrincə, Azərbaycan və Ermənistan arasında səfərlərin başlanması yeni mərhələnin göstəricisidir:
"Şəxsi görüşlər ən ciddi münasibət formasıdır. Bu zaman ölkə və hökumət nümayəndələri birbaşa görüşərək aktual məsələləri müzakirə edir və həll yolları axtarırlar. Azərbaycan, Ermənistan və Gürcüstan arasında əməkdaşlıq və əlaqələrin bərpası olduqca vacibdir. Biz bu cür qarşılıqlı səfərləri dəstəkləyir və alqışlayırıq".
Qeyd edək ki, aprelin 29-da Baş nazirin müavini Şahin Mustafayevin başçılığı altında Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib.