Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində şəhərlərin inkişafının yeni proqramı üzrə nazirlərin görüşü növbəti 10 ilin prioritetlərini müəyyən edəcək.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) nümayəndəsi Hamza Berruan (Hamza Berrouane) Azərbaycanda Şəhərsalma və Arxitektura İli çərçivəsində, eləcə də Bakıda WUF13-ün keçirilməsinə hazırlıqla əlaqədar Azərbaycanın Sofiyadakı (Bolqarıstan) səfirliyinin təşkil etdiyi tədbirdə bildirib.
"Bu dəfə bizim üç yeni formatımız olacaq. Birincisi, şəhərlərin inkişafının yeni proqramı üzrə nazirlərin görüşüdür. Biz proqramın icrası yolundayıq və növbəti 10 il üçün uğurları və prioritetləri qiymətləndirmək məqsədilə dünyanın hər yerindən nazirləri bir araya gətirəcəyik. İkincisi, WUF Təcrübələr Habıdır ("WUF Practices Hub"). Bu, digər ölkələrdə miqyaslandırıla biləcək real uğur hekayələrini və layihələri nümayiş etdirəcəyimiz həllər məkanıdır. Üçüncüsü isə WUF Akademiyasıdır (WUF - tamamilə yeni təhsil proqramları toplusu)", - H. Berruan bildirib.
Onun sözlərinə görə, WUF13 çərçivəsində bu mövzular üzrə 6 yüksək səviyyəli dialoq keçiriləcək: "Qlobal mənzil böhranı: plan nədir?"; "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası"; "Mənzil böhranın mərkəzində: bərpa və yenidənqurma (fəlakətlər və ya müharibələrdən sonra)"; "İqlim və mənzil əlaqəsi ("yaşıl mənzil" və rayonlar)". Mənzilin sosial-iqtisadi rolu (əhali üçün imkanlar); "Mənzil maliyyələşdirməsində "Yeni kurs" (əlçatan və sosial mənzil modelləri)".
H.Berruan əlavə edib ki, WUF13-ün 25 000-dən çox iştirakçını bir araya gətirəcəyi gözlənilir: "Bu da onu tərəfdaşların axtarışı üçün ideal platformaya çevirir".