Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) qəbul edilən maliyyə hədəfi ilə bağlı verilmiş öhdəliklər izləniləcək.
"Report" xəbər verir ki, bunu Türkiyənin ətraf mühit və iqlim dəyişikliyi naziri, COP31-in prezidenti Murat Kurum "COP31–IEA Yüksək Səviyyəli Enerji Keçidi Dialoq"u adlı tədbirdə deyib.
O qeyd edib ki, qoyulan hədəflər və onların tətbiqi arasında hazırda boşluqlar var: "Bu boşluğun aradan qaldırılması üçün mexanizmlər həyata keçirməyə çalışacağıq".
Murat Kurumun sözlərinə görə, Türkiyə COP31 çərçivəsində ölkələr arasında davamlı dialoqun təşviqi üçün çalışacaq.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda keçirilən COP29 konfransında inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər iqlim maliyyəsinin illik ən azı 1.3 trilyon dollara çatdırılması hədəfi ortaya qoyulub.