IMG-LOGO

Azərbaycan Maliyyə Sisteminin Yaşıllaşdırılması Şəbəkəsinin tamhüquqlu üzvü olub

30 Apr 2026 15:31 2 baxış
IMG

Azərbaycan Mərkəzi Bankı (AMB) Maliyyə Sisteminin Yaşıllaşdırılması üzrə Mərkəzi Banklar və Nəzarət Qurumları Şəbəkəsinə (NGFS - Network of Central Banks and Supervisors for Greening the Financial System) tamhüquqlu üzv qəbul olunub.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurum şəbəkənin tamhüquqlu üzvü kimi işçi qruplarının fəaliyyətində iştirak edəcək, iqlim ssenarisi təhlili, yaşıl maliyyə, iqlim stres-testləri, eləcə də dayanıqlılıq amillərinin pul siyasəti və prudensial nəzarət çərçivələrinə inteqrasiyası sahələrində kollektiv tədqiqatlara həm töhfə verəcək, həm də onlardan faydalanacaq.

AMB-nin bu şəbəkəyə qoşulması onun dayanıqlı maliyyə gündəliyinin, o cümlədən "Yaşıl taksonomiya"nın tətbiqi, "yaşıl istiqraz" bazarının formalaşdırılması və maliyyə sektorunda iqlim riskləri ilə bağlı açıqlamalarının tətbiqinin dərinləşdirilməsini şərtləndirəcək. Qurumun Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsinin icrası istiqamətində əsas təşəbbüslərdən biri olan bu üzvlük həm də Azərbaycanın Paris İqlim Sazişi çərçivəsindəki milli öhdəlikləri və iqtisadiyyatın yaşıl, dayanıqlı inkişaf istiqamətində transformasiyası üzrə siyasəti ilə də uzlaşır.

NGFS müxtəlif ölkələrdən mərkəzi bankları və nəzarət orqanlarını bir araya gətirərək maliyyə sektorunda ətraf mühit və iqlim risklərinin idarə olunmasının inkişafına töhfə vermək, bu sahədə qabaqcıl təcrübələrin paylaşılmasını təşviq etmək və dayanıqlı iqtisadiyyata keçidi dəstəkləmək üçün maliyyə axınlarının səfərbər olunmasını hədəfləyən qlobal şəbəkədir.

AMB bundan sonra da beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı inkişaf etdirərək qlobal çağırışlara uyğun siyasətlərin formalaşdırılmasını davam etdirəcək.

Xəbər lenti