Cari ildə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi, uşaqlar tərəfindən energetik içkilərin, habelə kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda Bakıda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, uşaqların rəqəmsal mühitdə qorunmasına dair sosial çarx və uşaq hüquqlarına dair maarifləndirici vəsait hazırlanaraq əhali arasında yayılması təmin edilib:
"Azərbaycanda ailə, qadın və uşaq məsələləri dövlət siyasətində mühüm yer tutur və ölkədə bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində mühüm nailiyyətlər əldə edilib".
Ombudsman qeyd edib ki, birgə tərəfdaşlıq və səylər nəticəsində ailə münasibətlərinin inkişafına, qadın və uşaqların hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinin təmininə nail olunacaq.