Bir çox sahiblər ev heyvanlarının ehtiyaclarını insanlarla müqayisə edərək hesab edir ki, gündə 8 saat istirahət kifayətdir. Lakin britaniyalı baytar Benin sözlərinə görə, bu yanaşma tamamilə yanlışdır və heyvanın psixikasına zərər verə bilər.
Lent.az xarici mediaya istinadən itlərin normal yuxu saatların təqdim edir:
İt əslində nə qədər yatmalıdır?
İnsanlardan fərqli olaraq, itlər polifaz canlılardır. Bu o deməkdir ki, onların bioloji ritmi hissə-hissə istirahətə uyğunlaşıb: gecə dərin yuxu ilə yanaşı, gün ərzində qısa mürgüləmə dövrlərinə də mütləq ehtiyac duyurlar. Ekspertin fikrincə, orta statistik bir itin gündə 12-14 saat yuxuya ehtiyacı var. Lakin bu göstərici fərdi xüsusiyyətlərə görə dəyişə bilər:
Balalar və yaşlı itlər: gündə 18 saata qədər yata bilərlər.
Böyük cinslər: bədən çəkisinin çox olması səbəbilə daha çox istirahətə ehtiyac duyurlar.
Aktiv və işləyən itlər: uzun bərpa müddətinə ehtiyac hiss edirlər.
“İnsanlar tez-tez düşünür ki, 8 saat kifayətdir, amma əslində itlərin orta ehtiyacı 12-14 saatdır", - ekspert qeyd edir.
Gizli aqressiya və narahatlıq səbəbləri
Baytarın sözlərinə görə, müasir dövrdə ev heyvanlarının saxlanılmasında əsas problemlərdən biri xroniki yuxu çatışmazlığıdır. Səs-küylü “heyvan uşaq bağçalarında” vaxt keçirən və ya kiçik uşaqlı ailələrdə yaşayan itlər tez-tez daimi sensor yüklənmə vəziyyətində olurlar. Onların sakit bir yerə çəkilərək dincəlmək imkanı olmur.
Yuxu çatışmazlığının nəticələri:
Artan əsəbilik
Qəfil aqressiya partlayışları
Narahatlıq pozuntularının inkişafı
Digər itlərlə ünsiyyətdə qeyri-adi davranış
“Yetərli istirahətin olmaması birbaşa itin sinir sisteminə təsir edir”, - ekspert xəbərdarlıq edir.
Sahiblər üçün qızıl qayda
Baytar vurğulayır ki, itin gün ərzində uzanmaq istəyi tənbəllik və ya darıxmaq əlaməti deyil, tamamilə təbii prosesdir. Sahiblər it üçün sakit və rahat bir yer yaratmalıdırlar ki, orada heç kim onu narahat etməsin.
Heyvanlar heyvanlar aləmi itlər