IMG-LOGO

Yayılan videomateriallar Okamponun açıq siyasi manipulyasiyaya keçdiyini göstərir - RƏY

30 Apr 2026 16:50 4 baxış
IMG

Luis Okamponun son açıqlamaları və yayılan videomateriallar onun fəaliyyətinin artıq hüquqi çərçivədən çıxaraq açıq siyasi manipulyasiya müstəvisinə keçdiyini göstərir.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli deyib.

O qeyd edib ki, uzun müddət Beynəlxalq Ədalət Məhkəməsi sistemində çalışmış bir şəxsin hazırda bu qədər açıq şəkildə geosiyasi proseslərə müdaxilə etməsi və bunu "hüquq" pərdəsi altında təqdimatı təsadüfi deyil, hətta ciddi suallar doğurur:

"Okamponun yayılan videosunda səsləndirilən fikirlərin mahiyyətinə baxdıqda, burada konkret siyasi hədəflərə, regionda sülh prosesinin pozulmasına, Avropa Komissiyası ilə Azərbaycan arasında əməkdaşlığın zədələnməsinə və Ermənistan daxilində siyasi sabitliyin pozulmasına yönəlmiş çağırışların olduğu açıq-aşkar görünür. Bu isə siyasi texnoloq və dələduz yanaşmasından xəbər verir".

Deputat düşünür ki, ən narahatedici məqam qanunsuz siyasi fəaliyyətin mümkün motivasiyasıdır:

"Okamponun adı əvvəllər də müxtəlif qalmaqallarda, o cümlədən etik və maliyyə şəffaflığı ilə bağlı suallar doğuran proseslərdə hallanıb. Bu baxımdan, onun indiki fəallığının ortaya çıxardığı mənzərə göstərir ki, burada müəyyən maraq qrupları ilə bağlılıq və bu bağlılıqdan doğan siyasi öhdəliklər ehtimalı kifayət qədər realdır".

Onun fikrincə, erməni lobbi şəbəkələrinin Qərb institutlarında təsir imkanları nəzərə alındıqda, Okamponun ritorikasının bu xəttlə üst-üstə düşməsi də təsadüfi görünmür.

A.Kərimlinin sözlərinə görə, digər diqqətçəkən məqam isə Avropa İttifaqının (Aİ) keçmiş xarici siyasət və təhlükəsizlik məsələləri üzrə keçmiş ali nümayəndəsi Cozef Borrel kimi fiqurların adının bu kontekstdə hallandırılmasıdır. Deputat qeyd edib ki, bu məsələ Avropa institutlarının neytrallığı və obyektivliyi ilə bağlı ciddi suallar yaradır:

"Çünki bu halda söhbət artıq ayrı-ayrı şəxslərin mövqeyindən yox, institusional reputasiyanın zədələnməsindən gedir. Okamponun fəaliyyəti, istisnasız olaraq, hüquqi qiymətləndirmədən daha çox siyasi korrupsiya və təsir alətləri kontekstində dəyərləndirilməlidir. Onun və əlaltısı kimi təqdim etdiyi Borelin Azərbaycana qarşı sərgilədikləri aqressiv ritorikanın arxasında maraqlar, sifarişlər və öhdəliklər dayanır".

Qeyd edək ki, Minval Politika Luis Okamponun siyasi korrupsiyaya bulaşmasını sübut edən videogörüntülər paylaşıb.

Xəbər lenti