IMG-LOGO

İspaniya "Sumud" donanmasının gəmilərinin ələ keçirilməsinə görə İsrailə etirazını bildirib

30 Apr 2026 19:48 3 baxış
IMG

"Qlobal Sumud Donanması"nın gəmilərinin ələ keçirilməsi ilə əlaqədar İsrailin Madriddəki müvəqqəti işlər vəkili İspaniyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə "Report" İspaniya XİN-in bəyanatına istinadən xəbər verir.

Məlumata görə, Madrid İsrailin Hərbi Dəniz Qüvvələri (HDQ) tərəfindən donanma gəmilərinin ələ keçirilməsini qətiyyətlə pisləyir və bununla əlaqədar olaraq israilli diplomata qəti etiraz bildirilib.

Nazirliyin məlumatına görə, ələ keçirilən gəmilərin göyərtəsində İspaniya vətəndaşları olub və İspaniyanın İsraildəki diplomatları bu məsələ ilə bağlı missiyanın təşkilatçıları ilə təmasdadırlar.

Həmçinin XİN rəhbəri Xose Manuel Albares vətəndaşları gəmilərdə olan digər ölkələrdəki həmkarları ilə də danışıqlar aparıb.

Daha əvvəl İsrail HDQ-nin gecə ərzində Yunanıstanın Krit adası yaxınlığında fələstinyönümlü "Sumud" donanmasının 58 gəmisindən 15-ni ələ keçirdiyi bildirilib.

İsrail və İspaniya arasındakı münasibətlər Qəzzadakı müharibə fonunda əhəmiyyətli dərəcədə pisləşib. İsrail İspaniyanın Baş naziri Pedro Sançes tərəfindən sərt şəkildə tənqid edilməsindən narazılığını bildirib.

Bundan əlavə, Madrid İrana qarşı ABŞ və İsrailin birgə əməliyyatına qarşı çıxış edib, bu da Təl-Əvivin kəskin reaksiyasına səbəb olub. Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu İspaniyanı İsrailə qarşı diplomatik kampaniya aparmaqda günahlandıraraq, onun ABŞ-nin himayəsi altında müharibədən sonrakı Qəzzanın sabitləşdirilməsi mərkəzinin işində iştirak etməsini qadağan edib. Hər iki ölkə öz səfirlərini geri çağırıb.

Xəbər lenti