Luis Okampo erməni lobbisinin maliyyəsi ilə Azərbaycan əleyhinə kampaniyaların hər zaman baş icraçılarından biri olub, onların sifarişlərini yerinə yetirib.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Deputat qeyd edib ki, onun videoda söhbət zamanı "Cozef Borrel mənim komandamın üzvüdür" deməsi təəccüb doğurmayıb. Çünki bu qrup koordinasiyalı şəkildə Qərb ölkələrinin parlamentariləri ilə davamlı iş aparıb. "Bu, bir daha Avropa İttifaqının (Aİ) məmurlarının, eləcə də Aİ rəhbərliyində korrupsiyanın hansı həddə çatdığını göstərir", - deputat bildirib və əlavə edib ki, Avropa Parlamenti Azərbaycan əleyhinə dəfələrlə qərəzli bəyanatlar verib, əsası olmayan qətnamələr qəbul edib, sanksiyalara çağırış səsləndirib.
P. Vəliyevanın sözlərinə görə, Cənubi Qafqazda yeni reallıqların yarandığı, sülh istiqamətində intensiv iş aparıldığı bir zamanda informasiya müharibəsi, hibrid təhdidlər artır:
"Okampo COP29 zamanı ANCA və erməni diasporu ilə birgə sosial mediada anti-Azərbaycan, qarayaxma kampaniyaları aparırdı. Kampaniyanın üzvləri eyni gün, eyni saatlarda, koordinasiyalı şəkildə, oxşar postlar paylaşırdılar. Hətta o paylaşımları bəyənən sosial şəbəkə istifadəçilərinin şəxsi mesaj qutusuna bundan sonra hansı paylaşımları etməlidir kimi direktivlər göndərirdilər".
Deputat bildirib ki, kampaniyalar Azərbaycan tərəfindən deşifrə edilib:
"Bu kimi şəxslərə ancaq şəxsi mənfəətləri maraqlıdır. Onlara sülh, sabitlik, insanların təhlükəsizliyi kimi mövzular maraqlı deyil. Onların məqsədi, regionda sülhün olmasının qarşısını almaq, sabitliyə imkan verməmək, revanşistləri müharibəyə qızışdırmaqdır. Nəzərə almaq lazımdır ki, siyasi karyerası çoxdan başa çatmış Okampo kimilərinə indi ancaq nə yolla olur-olsun pul qazanmaq maraqlıdır.
Azərbaycan sülh gündəliyinə sadiqdir, bu kimi kənar təzyiqlər prosesdə heç bir rol oynaya bilməyəcək".
Qeyd edək ki, "Minval Politika" Luis Okamponun siyasi korrupsiyaya bulaşmasını sübut edən videogörüntülər paylaşıb.

