IMG-LOGO

Türkiyə və Gürcüstandan olan din xadimləri Azərbaycana səfər edəcək

01 May 2026 10:41 5 baxış
IMG

Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti mayın 3-də Azərbaycana səfər edəcək.

"Report"un Naxçıvan bürosu xəbər verir ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə baş tutacaq.

Səfərdə Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrindən olan, həmçinin Azərbaycanda fəaliyyət göstərən din xadimləri iştirak edəcək.

"Xaricdə yaşayan soydaşlarımızla dini-mənəvi əlaqələrin gücləndirilməsi, ortaq dəyərlər əsasında əməkdaşlığın inkişaf etdirilməsi, maarifləndirmə fəaliyyətinin sistemli şəkildə genişləndirilməsi məqsədilə təşkil ediləcək səfər çərçivəsində "Zəngəzur yolu – tarixin izi ilə" mövzusunda konfrans keçiriləcək. Konfransda ortaq milli-mənəvi dəyərlərin qorunması və təbliğinin əhəmiyyəti, dini həmrəyliyin möhkəmləndirilməsi, bu sahədə qarşıda duran vəzifələr və prioritet istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılacaqdır", - məlumatda qeyd olunub.

Səfər proqramına, həmçinin Naxçıvanda yerləşən tarixi-dini abidələrin ziyarəti daxildir. 40-dan çox azərbaycanlı din xadiminin iştirak edəcəyi səfər mayın 6-dək davam edəcək.

Xəbər lenti