Müstəmləkə mirası beynəlxalq münasibətlərə, sosial strukturlara və azlıqların vəziyyətinə təsir göstərməyə davam edir.
"Report" xəbər verir ki, bunu Əlcəzairin nümayəndəsi Mellina Tenfiş Bakıda keçirilən "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" forumunda bildirib.
Onun sözlərinə görə, müasir beynəlxalq münaqişələr və qlobal institutların onlara reaksiyası əvvəllər müstəmləkəyə məruz qalmış ölkələrdəki gənclərdə ciddi suallar doğurur. Xüsusilə o, sanksiyaların tətbiqi və müxtəlif dövlətlərə yanaşmalarda "ikili standartlar"ın təzahürlərini qeyd edib.
"Müstəmləkəçilik təkcə ərazi ekspansiyası deyil, həm də resursların, mədəni və tarixi kimliyin mənimsənilməsi, eləcə də hökmranlıq münasibətlərinin bərqərar olması ilə müşayiət olunan cəmiyyətin dərin transformasiyasıdır", - o deyib.
Tenfiş vurğulayıb ki, müstəmləkə sistemi fiziki zorakılıq, məcburi tədbirlər, aclıq və əhalinin məhv edilməsini, eləcə də müstəmləkəyə çevrilmiş cəmiyyətlərin "ikinci dərəcəli" olması barədə davamlı təsəvvürlərin formalaşmasını özündə əhatə edirdi.
Onun sözlərinə görə, bu cür yanaşmalar kimlik, bədən və sosial rolların qavranılması da daxil olmaqla, gələcək nəsillərə təsir etməyə davam edir. "Müstəmləkə prosesləri regionların real sosial və mədəni strukturu nəzərə alınmadan yaradılmış sərhədlərin formalaşmasına və millətlərarası münasibətlərə də təsir göstərib", - o əlavə edib.
Əlcəzair barədə danışan Tenfiş zorakılıq, yaşayış məntəqələrinin dağıdılması, dərin sosial fəsadlara səbəb olan deportasiya və repressiyalar daxil olmaqla, Fransanın müstəmləkə dövrünün nəticələrini qeyd edib.
O, həmçinin Əlcəzair və Fransa arasındakı münasibətlər mövzusuna da toxunaraq vurğulayıb ki, müstəmləkə keçmişi məsələsi hələ də üzr səviyyəsində rəsmi tanınma əldə etməyib.