Mütəxəssislər bildirirlər ki, süd məhsullarının azaldılması sağlamlığın qorunmasına və daha gənc görünüşün saxlanmasına müsbət təsir göstərə bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, rasiondan süd məhsullarının çıxarılması doymuş yağların, şəkərin və duzun artıq qəbulunun qarşısını almağa kömək edir. Bunun nəticəsində yuxu və həzm sistemi yaxşılaşa, artıq çəki azala və ümumi sağlamlıq göstəriciləri yüksələ bilər.
Haydarabaddakı Yaşoda xəstəxanasının həkim-konsultantı Dilip Qude bildirib ki, süd məhsullarından imtina etdikdən təxminən üç həftə sonra orqanizmdə ilk müsbət dəyişikliklər müşahidə olunur. Onun sözlərinə görə, ürək xəstəlikləri, diabet və Alzheimer kimi xəstəliklər yağlı süd məhsullarının müntəzəm istifadəsi ilə daha da ağırlaşa bilər. Bu məhsulların azaldılması isə riskləri aşağı sala bilər.
Eyni xəstəxananın diabet üzrə mütəxəssisi doktor K. Somnath Qupta qeyd edib ki, bir ay ərzində süd məhsullarından uzaq durmaq həzm sisteminə müsbət təsir edir. Südün tərkibində olan laktoza bəzi insanlarda həzm problemlərinə səbəb ola bilər. Bu məhsullardan imtina isə köp, qaz və ishal kimi problemlərin azalmasına kömək edir.
Həkimlər əlavə ediblər ki, süd məhsullarından uzaq durmaq orqanizmdə turşu-qələvi balansını da bərpa edə bilər. Bu xüsusilə qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkən insanlar üçün faydalı hesab olunur.
Bununla yanaşı, mütəxəssislərin sözlərinə görə, təxminən dörd həftə sonra dərinin vəziyyətində də yaxşılaşma müşahidə oluna bilər. Bəzi araşdırmalar süd məhsullarının sızanaqların yaranması ilə əlaqəli olduğunu göstərir. Bu isə iltihabın azalması və hormonal dəyişikliklərlə izah olunur.
Həkim Dilip Qude bildirib ki, süd məhsullarının davamlı və həddindən artıq qəbulu süd vəzi, yumurtalıq və prostat xərçəngi riskinin artması ilə də əlaqələndirilir. Eyni zamanda, bu məhsullardan imtina maddələr mübadiləsini, yuxunu və yaddaşı yaxşılaşdıra bilər.
Mütəxəssislər vurğulayır ki, rasionda hər hansı ciddi dəyişiklik etməzdən əvvəl fərdi xüsusiyyətləri nəzərə almaq və həkim məsləhəti almaq vacibdir.
süd məhsulları