Qazaxıstan əcnəbi tələbələrin, o cümlədən azərbaycanlı tələbələrin cəlb edilməsi üzrə səylərini fəallaşdırır.
Bu barədə "Report"a Qazaxıstan Ali Təhsilin İnkişafı üzrə Milli Mərkəzin direktor müavini Botaqoz Bermuhambetova bildirib.
Onun sözlərinə görə, əsas vəzifələrdən biri təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və azərbaycanlı abituriyentlərin Qazaxıstanın ali məktəblərinə cəlb edilməsidir.
"Biz azərbaycanlı tələbələri Qazaxıstanda təhsil almağa dəvət edirik. Bu gün Qazaxıstan "Cardiff University", "Coventry University" kimi universitetlər, eləcə də Cənubi Koreya və ABŞ-dən olan tərəfdaşların iştirakı ilə fəaliyyət göstərən ali məktəblər daxil olmaqla, xeyli sayda beynəlxalq kampusun fəaliyyət göstərdiyi Mərkəzi Asiyanın ən böyük ölkələrindən biridir", - o qeyd edib.
Mərkəz nümayəndəsi vurğulayıb ki, Qazaxıstan universitetləri dünyanın aparıcı ölkələri, o cümlədən Çin, İtaliya, Fransa, Almaniya və ABŞ ilə birgə təhsil proqramlarını fəal şəkildə inkişaf etdirir ki, bu da tələbələrə ikili diplom və beynəlxalq akademik təcrübə əldə etməyə imkan verir.