Təmiz energetika, akkumulyatorlar, elektromobillər və rəqəmsal texnologiyalar üçün zəruri olan kritik əhəmiyyətli mineral resursların tədarük zəncirlərinin inkişafında Asiya və Sakit okean hövzəsi ölkələrini dəstəkləməyə yönəlmiş AİB-nin yeni maliyyə mexanizmi çərçivəsində sənədlərin imzalanması mərasimi keçirilib.
"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, sazişləri AİB-nin prezidenti Masato Kanda, Yaponiyanın maliyyə naziri Satsuki Katayama, Koreya İxrac-İdxal Bankının İdarə Heyətinin sədri və baş direktoru Kiveon Hvan, həmçinin Koreya Ticarət Sığortası Korporasiyasının (K-SURE) İdarə Heyətinin sədri və prezidenti Yanq Cin Canq imzalayıblar.
Yaponiya hökuməti qrant pəncərəsinə 20 milyon, Birləşmiş Krallıq hökuməti isə 1,6 milyon ABŞ dolları təqdim etməyi öhdəsinə götürüb.
"Export-Import Bank of Korea" və "Korea Trade Insurance Corporation" bu mexanizmin ilk tərəfdaşları qismində hər biri 500 milyon ABŞ dolları məbləğində memorandumlar imzalayıblar.
Bu mexanizm AİB-nin bütün regionda məsuliyyətli və dayanıqlı dəyər yaratma zəncirlərinin, kritik əhəmiyyətli mineral resursların hasilatından tutmuş istehsalına qədər dəstəklənməsinə yönəlmiş strategiyaya əsaslanır.