IMG-LOGO

DB: Orta Dəhliz şərq və qərb bazarlarının əlaqələndirilməsi üçün kritik əhəmiyyətə malik olacaq

03 May 2026 17:04 6 baxış
IMG

Orta Dəhliz şərq və qərb bazarlarının əlaqələndirilməsi üçün kritik əhəmiyyətə malik olacaq.

"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkov AİB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində CMMFF-nin fəaliyyətə başlamasına həsr olunmuş seminarda deyib.

V.Levkovun sözlərinə görə, onların strategiyası üç sütuna əsaslanır. Bunlar siyasət və tənzimləmə, baza infrastrukturu, özəl investisiyaların irimiqyaslı cəlb edilməsi mexanizmləridir.

"Əgər özəl sektoru cəlb etmək istəyirsinizsə, sizə sabitlik, proqnozlaşdırıla bilənlik və aydın standartlar lazımdır. Biz başa düşürük: baza infrastrukturunun potensialını açmaq üçün energetika, nəqliyyat və su təchizatına irimiqyaslı sərmayələr tələb olunur. Məsələn, bu regionda su qıtlığı birgə həll etməli olduğumuz bir çox məsələlər yaradır. Üçüncü sütuna - özəl investisiyaların irimiqyaslı cəlb edilməsi mexanizminə gəldikdə isə, qeyd etmək lazımdır ki, biz bu vəzifələri yalnız dövlət büdcələri və ya Dünya Bankının və AİB-nin vəsaitləri hesabına həll etməyəcəyik", - V. Levkov bildirib.

Bankın vitse-prezidenti vurğulayıb ki, Mərkəzi Asiya regionu onların strategiyası üçün ideal meydançadır, çünki burada böyük resurslar cəmləşib və söhbət təkcə faydalı qazıntılardan getmir.

"Özbəkistanda mis, uran və nadir torpaq metalları var. Lakin biz regional yanaşma həyata keçirməliyik. Nəqliyyat dəhlizləri, məsələn, Orta Dəhliz şərq və qərb bazarlarının əlaqələndirilməsi üçün kritik əhəmiyyət kəsb edəcək. Həmçinin emal və istehsal gücləri də vacibdir. Asiya ölkələri orta və sonrakı istehsal mərhələlərinin (midstream və downstream) inkişafı üçün bazaya malikdir. Lakin bunun üçün bazar dəstəyi mexanizmləri, ticarət potensialı və fəaliyyətlərin uzlaşdırılması lazımdır", - V. Levkov əlavə edib.

Xəbər lenti