"Bakı Gəmiqayırma Zavodu" MMC Qazaxıstanın "Samruk-Kazına" ASC-nin tərkibinə daxil olan "KTZ Express Shipping" şirkəti üçün iki gəmi tikəcək.
Bunu "Report"a açıqlamasında Zavodun İdarə Heyətinin sədri Ruslan Talıbov bildirib.
Onun sözlərinə görə, gəmilərin tikintisinin müqavilənin imzalanma tarixindən etibarən 28 ay müddətində başa çatdırılması nəzərdə tutulur: İnşa ediləcək gəmilərin texniki göstəriciləri artıq müəyyənləşdirilib. Bu sifariş "Bakı Gəmiqayırma Zavodu"nun 2-ci beynəlxalq layihəsi olmaqla, müəssisənin qlobal bazarda etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmləndiyini təsdiqləyir. Müqaviləyə əsasən, 2 ədəd quru yük konteyner gəmisinin tikintisi nəzərdə tutulur. Layihəyə uyğun olaraq, hər bir gəminin ümumi uzunluğu 140,97 metr, eni 16,9 metr, bort hündürlüyü isə 6,80 metr təşkil edəcək".
Sədr əlavə edib ki, gəmilərin suya oturumu dəniz şəraitində 5,56 metr, çay şəraitində isə 3,60 metr olacaq: "Yükgötürmə qabiliyyəti isə dənizdə təxminən 9 900 ton, çay şəraitində 5 057 ton səviyyəsində nəzərdə tutulur. Konteyner tutumu dənizdə 537 TEU, çayda isə 433 TEU təşkil edəcək. Gəmilər hər biri 1600 kVt gücündə olan iki əsas mühərriklə təchiz ediləcək və təxminən 11 düyün sürətlə hərəkət edə biləcək. Bu sifariş zavodun yüksək texniki imkanlarını və beynəlxalq rəqabət qabiliyyətini bir daha nümayiş etdirir".