Zəngəzur yolu Azərbaycan xalqının tarixi yaddaşının davamı və gələcəyə uzanan körpüdür.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Naxçıvanda keçirilən "Zəngəzur yolu – tarixin izi ilə" mövzusunda konfransdakı çıxışında deyib.
O bildirib ki, qədim tarixə və zəngin mənəvi irsə malik olan Naxçıvan belə mühüm tədbirlərin keçirilməsi üçün xüsusi əhəmiyyət daşıyır. Qeyd edib ki, konfransın əsas məqsədi tarixi yaddaş ilə müasir reallıqlar arasında mənəvi körpü qurmaq, ortaq kimliyi və milli-mənəvi dəyərləri daha dərindən anlamaqdır.
R.Məmmədovun sözlərinə görə, Naxçıvan ərazisi Azərbaycan tarixinin keşməkeşli, lakin şərəfli yolunun canlı şahididir. Əlincə qalasının mübarizə ruhunu, Möminəxatun türbəsinin zəngin mədəni irsi, Əshabi-Kəhf mağarasının isə dərin mənəvi dəyərləri təcəssüm etdirdiyini vurğulayan komitə sədri bildirib ki, bu torpaqları dəyərli edən həm də xalqın çətin dövrlərdə nümayiş etdirdiyi müdriklik və cəsarətdir.
O diqqətə çatdırıb ki, Azərbaycanın müstəqillik tarixində Naxçıvanın xüsusi rolu olub və üçrəngli dövlət bayrağı uzun fasilədən sonra ilk dəfə məhz burada dalğalandırılıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin Naxçıvanda başlatdığı siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Komitə sədri vurğulayıb ki, qloballaşma və informasiya axını fonunda dini dəyərlərin düzgün anlaşılması və qorunması daha da aktuallaşıb. Azərbaycanın həyata keçirdiyi dövlət siyasətinin dini etiqad azadlığının təmininə, milli-mənəvi dəyərlərin qorunmasına və radikalizmə qarşı mübarizəyə xidmət etdiyi qeyd olunub.
Multikulturalizm və tolerantlığın cəmiyyətin əsas dayaqlarından biri olduğu bildirilib.
R.Məmmədov çıxışında "Zəngəzur yolu"nun əhəmiyyətinə də toxunaraq bildirib ki, bu layihə yalnız nəqliyyat xətti deyil, həm də tarixi bağların bərpasına, xalqlar arasında əlaqələrin möhkəmlənməsinə və mənəvi inteqrasiyanın güclənməsinə xidmət edir.
Onun sözlərinə görə, bu yol ortaq dəyərlərin daha geniş coğrafiyada möhkəmlənməsinə və milli-dini kimliyin qorunmasına yeni imkanlar yaradacaq.
Sonda qeyd edib ki, din xadimlərinin əsas missiyası zərərli ideoloji təsirlərə qarşı maarifləndirici fəaliyyətin gücləndirilməsi, sağlam düşüncə tərzinin təşviqi və milli həmrəyliyin möhkəmləndirilməsidir.