İslam İnkişaf Bankı (IsDB) Qrupunun iyunun 16-19-da Bakıda keçiriləcək illik toplantılarına hazırlıq müzakirə edilib.
"Report" bu barədə IsDB-yə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycanın Baş nazirinin müavini, illik toplantıların Təşkilat Komitəsinin sədri Samir Şərifov Qrupun prezidenti Məhəmməd Süleyman Əl-Casiri qəbul edib.
Görüşdə tədbirin proqramı, "roadshow"lar və digər məsələlər müzakirə edilib, Azərbaycanın iqtisadiyyatının inkişaf etdiyi, ticarət və davamlı artım üçün regional mərkəz kimi artan rolu vurğulanıb. Əl Casir bu əlamətdar tədbirə ev sahibliyi etməkdə Azərbaycanın liderliyini təqdir edib və IsDb Qrupunun bütün üzv ölkələr üçün təsirli nəticələrin təmin edilməsinə tam sadiqliyini bir daha təsdiqləyib.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən IsDB-nin üzvüdür və bankın kapitalında 0,13 %-lik paya malikdir.
2024-cü ilin sonuna IsDB Qrupunun Azərbaycana ayırdığı maliyyələşmənin ümumi məbləği 1 milyard 298 milyon ABŞ dollarına çatıb və 81 layihəni əhatə edir. Bu vəsaitin böyük hissəsi - 1 milyard 106 milyon ABŞ dolları - 35 təşəbbüs üzrə layihə maliyyələşməsinə yönəldilib. 185,8 milyon ABŞ dolları 20 ticarət maliyyələşməsi əməliyyatına, 4,4 milyon ABŞ dolları 23 texniki yardım layihəsinə, 1,6 milyon ABŞ dolları isə üç xüsusi yardım təşəbbüsünə ayrılıb.
IsDB Qrupu 2026-cı il iyunun 16-dan 19-dək Bakıda Müdirlər Şurasının 51-ci İllik Toplantısını və bir sıra tədbirlər keçirəcək.