Avropa Parlamentinin Azərbaycanla bağlı hər bir qətnaməsi bəzi dairələrin sifarişinə, qərəzli, birtərəfli və qeyri-obyektiv yanaşmaya əsaslanır.
Bunu Milli Məclisin deputatı Səbinə Salmanova Prezident İlham Əliyevin Ermənistanın paytaxtı İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışını "Report"a şərh edərkən deyib.
S.Salmanova bildirib ki, İlham Əliyev haqlı olaraq Avropa Parlamentini Azərbaycana qarşı qərəzli mövqeyinə görə açıq tənqid edib:
"Avropa Parlamentindən bəhs edən möhtərəm Prezident çıxışında qeyd etdi ki, bu struktur sülh prosesini dəstəkləmək əvəzinə, əksinə, onu sarsıtmaqla məşğuldur. Belə ki, İkinci Qarabağ müharibəsindən sonra – 2021-ci ilin mayından 2026-cı ilin 30 aprel tarixinədək Avropa Parlamenti Azərbaycanla bağlı qeyri-mötəbər məlumatlarla dolu 14 qətnamə qəbul edib. Bu qətnamələrin hər biri isə bəzi dairələrin sifarişi, qərəzli, birtərəfli və qeyri-obyektiv yanaşmaya əsaslanır.
Dövlətimizin başçısının da vurğuladığı kimi, bunun səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, separatizmə son qoyması və müharibə cinayətkarlarını məsuliyyətə cəlb etməsidir. Azərbaycan tərəfi isə hər zaman bu cür qərəzli yanaşmalara qarşı prinsipial mövqe sərgiləyib. Milli Məclisin mayın 1-də qəbul etdiyi qərar (Azərbaycanın Avropa Parlamenti ilə bütün sahələr üzrə əməkdaşlığının dayandırılması - red.) bunun bariz nümunəsidir. Bu addım Azərbaycanın suveren hüquqlarını qorumaq və milli maraqlarını müdafiə etmək baxımından tam əsaslıdır. Bütün bunlar göstərir ki, Azərbaycan müstəqil, balanslı və prinsipial xarici siyasət yürüdür. Ölkəmiz heç bir təzyiq qarşısında geri çəkilmir və öz milli maraqlarını qətiyyətlə müdafiə edir".
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Ermənistanın paytaxtı İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın strateji baxışını, sülhə sadiqliyini və beynəlxalq ədalət prinsiplərinə əsaslanan siyasətini bir daha dünyaya nümayiş etdirdi.
Onun fikrincə, Prezident İlham Əliyevin çıxışının əsas xəttini Azərbaycanın sülhə verdiyi önəm təşkil edirdi:
"Beynəlxalq təcrübədə müharibədə qələbə qazanan tərəfin sülh təşəbbüsü ilə çıxış etməsi nadir rast gəlinən bir haldır. Adətən müharibədən qalib çıxan tərəf öz şərtlərini diktə etməyə çalışdığı halda, Azərbaycan qarşı tərəfə əməkdaşlıq və birgə inkişaf təklif edib. Bu yanaşma dövlətimizin başçısı İlham Əliyevin humanist siyasətinin və uzaqgörən dövlətçilik strategiyasının bariz göstəricisidir".
Parlamentari onu da söyləyib ki, Azərbaycan liderinin bu gün ortaya qoyduğu siyasi xətt təkcə region üçün deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemi üçün nümunədir:
"Sülhə çağırış, əməkdaşlığa açıq olmaq, eyni zamanda, milli maraqları qətiyyətlə müdafiə etmək müasir dövlət idarəçiliyinin ən optimal modelidir. Azərbaycan bu modeli uğurla tətbiq edərək həm regionda sabitliyə töhfə verir, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir".

