Çin Asiya İnkişaf Bankının (ADB) əsl çoxtərəfli yanaşmaya sadiqliyini davam etdirməsini, üzv dövlətlər arasında konsensusun əldə edilməsini, onların ehtiyaclarına cavab verməsini, regionun davamlı iqtisadi artımına və inkişafına daha çox töhfəsini gözləyir.
"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu bəyanatla Çinin maliyyə naziri Lan Foan (Lan Fo'an) ADB Direktorlar Şurasının 59-cu illik iclasında rəhbərlərin işgüzar sessiyasında çıxış edib.
"Yaxın Şərqdəki son münaqişələrin davam edən təsiri və artan geosiyasi qeyri-sabitlik şəraitində ADB analitik işini davam etdirməlidir. Neft və təbii qaz tədarükü sahəsində riskləri izləməklə yanaşı, bank inkişaf etməkdə olan üzv dövlətlərdə ərzaq təhlükəsizliyi, maliyyə dayanıqlığı və makroiqtisadi vəziyyətə yaranan dolayı təsirlərə diqqət yetirməlidir. Bundan əlavə, ADB proqram kreditləri, Ticarət və İstehsalın Maliyyələşdirilməsi Proqramı, eləcə də digər mexanizmlər vasitəsilə ünvanlı kontrtsiklik maliyyə yardımını təmin etməlidir", - müraciətdə bildirilib.
Qeyd edilib ki, eyni zamanda ADB birgə böhrana qarşı tədbirlərin koordinasiyasını gücləndirmək üçün Çoxtərəfli İnkişaf Bankları Rəhbərləri Qrupunun sədri statusundan istifadə etməlidir.
"2030-cu il Strategiyası"nın ortamüddətli icmalında təsbit edilmiş strateji prioritetlərə uyğun olaraq, ADB enerji transformasiyasına, ilk növbədə bərpa olunan enerji - günəş və külək enerjisi istehsalı sahəsində yardımı artırmalıdır. ADB həmçinin "açıq regionalizm" prinsipinə riayət etməyə və bank tərəfindən dəstəklənən proqramların (CAREC və GMS kimi) "Bir kəmər, bir yol" təşəbbüsü, ASEAN və Lantsantszyan-Mekonq formatında əməkdaşlıqla səmərəli əlaqələndirilməsinə kömək etməyə çağırılır. Prioritet diqqət gömrük prosedurlarının sadələşdirilməsinə, transsərhəd logistikanın inkişafına və sənaye parklarının yaradılmasına yönəldilməlidir. Bank həmçinin transsərhəd enerji infrastrukturunun tikintisini dəstəkləməyə davam etməlidir", - müraciətdə bildirilib.