IMG-LOGO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatına Bakıda hazırlaşacaq

04 May 2026 16:18 3 baxış
IMG

Çövkən üzrə Azərbaycan millisi Bakıda keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə Bakıda təlim-məşq toplaşına başlayır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Respublikası Atçılıq Federasiyasından bildirilib.

Hazırlıq prosesinin birinci mərhələsi mayın 5-20-si aralığını əhatə edəcək.

Bildirilib ki, bu mərhələdə bərabərlik prinsipinə uyğun olaraq Peşəkar Çövkən Liqasında iştirak edən komandaların hərəsi ən güclü 2 idmançısını yığmanın baş məşqçisi Əli Tatlıyevin ixtiyarına göndərib.

Bu isə yığmanın qapılarının bütün komanda və idmançıların üzünə açıq olması, onlar üçün şans deməkdir. Toplanışın gedişi zamanı özünü doğrultmağı bacarmayan idmançılar başqaları ilə əvəzlənəcək.

May ayının 20-də təlim-məşq toplanışının birinci mərhələsi yekunlaşacaq. Baş məşqçi 20 nəfərlik heyətdən ən güclü 10 nəfəri təsdiqləyib onlarla dünya çempionatına hazırlaşacaq.

Xatırladaq ki, dünya çempionatı iyunun 7-13-ü aralığında Binə Atçılıq Mərkəzində keçiriləcək.

Xəbər lenti