Asiya İnkişaf Bankının (ADB) Gürcüstandakı layihə portfelinin həcmi həm dövlət, həm də özəl sektorları əhatə etməklə təqribən 6 milyard ABŞ dollarına çatır.
"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə bankın Gürcüstandan olan idarəedicisi Laşa Xutsişvili ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən rəhbərlərin işgüzar sessiyasında bildirib.
"Tərəfdaşlığımızın 20 illik yubileyi ərəfəsində Gürcüstanın əsas prioritet istiqamətləri üzrə bu əməkdaşlığın daha da dərinləşməsini səbirsizliklə gözləyirik: dəmir yolu və avtomobil şəbəkələrinin genişləndirilməsi vasitəsilə bağlantıların möhkəmləndirilməsi, "yaşıl" və bərpa olunan enerjinin inkişafı, enerji müstəqilliyi üçün enerji saxlama sistemlərinin (batareyaların) yaradılması, reallaşdırılması nəzərdə tutulam Qara dəniz sualtı kabel layihəsi də daxil olmaqla şəbəkə infrastrukturunun yaxşılaşdırılması, rəqəmsal infrastrukturun inkişafı, su təchizatı və bələdiyyə xidmətlərinin modernləşdirilməsi, eləcə də korporativ idarəetmənin islahatı", - L. Xutsişvili deyib.