Avropa İttifaqı (Aİ) Ermənistanla əməkdaşlığı gücləndirmək niyyətindədir, həmçinin ədalətli və davamlı sülhə nail olunana qədər Ukraynanı dəstəkləməyə davam edəcək.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Aİ Şurasının prezidenti Antonio Koşta İrəvanda "Avropa Siyasi Birliyi"nin sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib.
O, artan geosiyasi risklər fonunda Aİ-nin Cənubi Qafqaz ölkələri ilə daha sıx əməkdaşlığa can atdığını vurğulayıb.
"Hazırkı geosiyasi kontekstdə qitəmizin hərtərəfli, 360 dərəcəli təhlükəsizlik strategiyasına ehtiyacı olduğu getdikcə daha aydın olur", - o bildirib. Koşta əlavə edib ki, Avropanın qonşuluğunda gedən münaqişələr blok ölkələrinin təhlükəsizliyinə, enerji təchizatına və iqtisadiyyatına birbaşa təsir göstərir.
Koşta həmçinin Ukraynaya dəstəyin davam etdiyini təsdiqləyib və Rusiya-Ukrayna münaqişəsinin həllinin Avropa gündəliyinin mərkəzində durduğunu vurğulayıb.
"Aİ Ukraynanın ərazi bütövlüyü çərçivəsində davamlı, ədalətli və möhkəm sülhün əldə edilməsi üçün onu lazım olduğu müddətcə dəstəkləyəcək", - o deyib.
Koşta əlavə edib ki, Aİ Ukraynanın Avropaya inteqrasiyası prosesini, o cümlədən ilk danışıqlar klasterinin açılmasını sürətləndirməlidir.