Asiya İnkişaf Bankı (ADB) korporativ idarəetmənin keyfiyyətini, nəzarət funksiyalarını və mövcud resursların bölüşdürülməsinin səmərəliliyini gücləndirməklə yanaşı, iqlim siyasəti sahəsində yüksək ambisiya səviyyəsini qoruyub saxlamalıdır.
"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu bankın Niderlanddan olan idarəedicisinin müvəqqəti müavini vəzifəsini icra edən Jerom Laroş ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclasında rəhbərlərin işgüzar sessiyası zamanı bildirib.
J.Laroş qeyd edib ki, Niderland banka üzv dövlətlərin inkişafına dəstək verməkdə bankın mövqelərinin gücləndirilməsi üçün dörd strateji prioritet müəyyən edir. İlk növbədə, səmərəli və dayanıqlı idarəetmə ehtiyacına diqqət yetirilir: qərarların qəbul edilməsinin açıq və inklüziv mexanizmləri, şəffaflığın təmin edilməsi və səhmdarlarla vaxtında məsləhətləşmələrin aparılması etimadın əsasını formalaşdırır və banka üzv ölkələrin sorğularına operativ reaksiya verməyə imkan yaradır.
İkinci mühüm istiqamət kimi o, nəzarət funksiyalarının gücləndirilməsini qeyd edib, bu da ADB-nin fəaliyyətinin özəl sektordakı əməliyyatlarının genişlənməsi şəraitində xüsusilə aktualdır. Bu, düzgünlüyün təmin edilməsi və korrupsiya hallarına qarşı mübarizə sahəsi də daxil olmaqla, etibarlı proqnozlaşdırma və risklərin idarə edilməsi sistemlərinin yaradılmasını nəzərdə tutur.
J. Laroş vurğulayıb ki, üçüncü prioritet istiqamət iqlim gündəliyidir. ADB iqlim hədəflərinə nail olmada yüksək ambisiya səviyyəsini dəstəkləməli və tətbiq olunan standartların, o cümlədən ESG prinsiplərinin və təsirli hesabatlılıq alətlərinin ciddiliyinə zəmanət verərək, Paris Sazişinə uyğun olaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir.
Sonda o, bankın uzunmüddətli maliyyə dayanıqlığının əsas şərti kimi ölkələrin yardım alanlar kateqoriyasından tədricən çıxarılması prosesini xüsusi qeyd edib. J. Laroşun sözlərinə görə, fərqləndirilmiş və mərhələli yanaşma keçid dövründə dövlətlərə dəstək verməyə imkan verəcək, eyni zamanda ADB-yə resurslarını onlara ən çox ehtiyac duyulan istiqamətlərdə cəmləşdirməyə şərait yaradacaq. Bu kontekstdə digər çoxtərəfli inkişaf institutları ilə koordinasiya və qarşılıqlı fəaliyyətin uzlaşdırılması mühüm əhəmiyyət kəsb edir.