Tacikistan Respublikasının 2030-cu ilə qədər Milli İnkişaf Strategiyası investisiya resurslarının cəlb edilməsinə, sənaye artımının stimullaşdırılmasına, ixrac və idxalın əvəzlənməsi məqsədilə mal və xidmət istehsalının artırılmasına, eləcə də dayanıqlı iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi özəl kapital qoyuluşlarının əhəmiyyətinin artırılmasına yönəldilib.
"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) Tacikistandan olan idarəedicisi Hokim Holikzoda ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclasında baş tutmuş rəhbərlər işgüzar sessiyası çərçivəsində bildirib.
"Məmnuniyyətlə qeyd edirik ki, ADB-nin Tacikistanla 2026-2030-cu illər üçün yeni Ölkə Tərəfdaşlığı Strategiyası Roqun su elektrik stansiyası layihəsinə xüsusi diqqət yetirməklə dayanıqlı inkişaf sahəsində milli prioritetlərimizi nəzərə alır. Bu strategiya infrastrukturun modernləşdirilməsinə və iqtisadi idarəetmənin təkmilləşdirilməsinə, keyfiyyətli xidmətlərə çıxışın genişləndirilməsinə yönəlib, habelə energetika sahəsi, su təchizatı, nəqliyyat sistemi və logistika, özəl sektorun inkişafı, turizm sənayesi, iqlim dəyişikliklərinə adaptasiya, rəqəmsal transformasiya və gender bərabərliyinin təmin edilməsi kimi əsas istiqamətləri əhatə edir, bu da bizim milli inkişaf məqsədlərimizlə tam uyğundur", - H. Holikzoda vurğulayıb.