IMG-LOGO

Bakı ilə Roma arasında qarşılıqlı etimada əsaslanan möhkəm münasibətlər mövcuddur - RƏY

05 May 2026 12:47 6 baxış
IMG

Ölkələr arasında münasibətlər qurulduqda müəyyən hallarda müxtəlif dilemmalar və çətin məsələlər ortaya çıxsa da, Bakı və Roma arasında ikitərəfli dialoq olduqca ümidverici şəkildə inkişaf edir.

Bu sözləri "Report"a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, İtaliya ilə genişləndirilmiş strateji tərəfdaşlığın qurulması təsadüfi deyil:

"İtaliya dünya birliyi qarşısında möhkəm mövqelərə malik olan, texnoloji cəhətdən ciddi irəliləyişlər əldə etmiş bir dövlətdir. Təbii ki, Azərbaycan üçün də Avropa İttifaqı daxilində bir nömrəli tərəfdaş hesab olunur. İki ölkə arasında problemlərin həlli üçün işlək mexanizmlər mövcuddur. Biz dəfələrlə Azərbaycan Prezidentinin İtaliyaya rəsmi və işgüzar səfərlərinin şahidi olmuşuq. Eyni zamanda, İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfərləri də baş tutub".

Politoloq qeyd edib ki, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri həm mühüm hadisə, həm də dünya ictimaiyyətinə ünvanlanmış ciddi mesajdır:

"Bu mesaj ondan ibarətdir ki, Bakı ilə Roma arasında qarşılıqlı etimada əsaslanan möhkəm münasibətlər mövcuddur və bu əlaqələrin strateji əhəmiyyəti durmadan artır. Əgər biz neft və qaz sektorunda İtaliyanı özümüz üçün vacib tərəfdaş hesab ediriksə, bu, İtaliyanın enerji resurslarımıza olan böyük ehtiyacı ilə bağlıdır. Digər tərəfdən isə Azərbaycan hərbi-sənaye kompleksinin inkişafında, eləcə də yeni informasiya texnologiyalarının mənimsənilməsində İtaliya şirkətləri ilə etibarlı əməkdaşlıq qura bilib və bundan faydalanır".

T.Abbasov hesab edir ki, iki ölkə arasında münasibətlər qarşılıqlı fayda prinsipinə əsaslanır və hər iki tərəf üçün real nəticələr verir:

"Bu əməkdaşlıq bir çox sahələri əhatə edir. C.Meloni "Avropa Siyasi Birliyi"nin 8-ci sammitindən dərhal sonra Azərbaycana səfər edib. Onun ümumi yanaşması, Azərbaycan Prezidentinə münasibəti və Azərbaycan xalqına göstərdiyi diqqət bir çox məsələləri aydın şəkildə nümayiş etdirib. Bu, göstərir ki, Azərbaycan-İtaliya münasibətləri formal xarakter daşımır, əksinə, dərin köklərə malikdir. Tərəflər bir-birinə güvənir və beynəlxalq platformalarda da əməkdaşlıq getdikcə daha böyük əhəmiyyət qazanır".

Siyası şərhçi onu da əlavə edib ki, bu potensialın daha da gücləndirilməsi vacibdir.

"Bunun üçün həm texniki, həm texnoloji, həm də intellektual imkanlar mövcuddur. Azərbaycanda insan kapitalı inkişaf edir, eyni proses İtaliyada da davam edir. Tərəflərin qarşılıqlı olaraq bilik və imkanları bölüşmək istəyi isə onu göstərir ki, qarşılıqlı etimad və dəstək mövcuddur. Bütün bunlar bu əməkdaşlığın böyük gələcəyindən və geniş perspektivlərindən xəbər verir", - o əlavə edib.

Qeyd edək ki, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni mayın 4-də Azərbaycanda səfərdə olub.

Xəbər lenti