IMG-LOGO

Brüssel İnstitutu: Cənubi Qafqazda nəqliyyat marşrutları uğrunda rəqabət yeni müstəviyə keçir

09 May 2026 13:57 3 baxış
IMG

Cənubi Qafqazda geosiyasi rəqabət nəqliyyat-logistika bağlantısının regionda əsas təsir alətinə çevrilməsi fonunda güclənir.

"Report"un Brüssel Geosiyasət İnstitutuna istinadən verdiyi xəbərə görə, Cənubi Qafqaz ikinci dərəcəli tranzit ərazisi olmaqdan çıxaraq intensiv mübarizə arenasına - Avropa ilə Asiyanın kəsişməsində strateji qovşağa çevrilir.

"ABŞ və Rusiya ilə yanaşı, ən mühüm oyunçular sırasına Çin də daxil olub. "Bir kəmər, bir yol" təşəbbüsünü həyata keçirməklə və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafında fəal iştirak etməklə Pekin regionda iqtisadi və logistik mövcudluğunu ardıcıl surətdə artırır. Artıq fəaliyyət göstərən infrastruktur, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri bu məkanın Avropa qitəsinin enerji təhlükəsizliyi üçün əhəmiyyətini bariz şəkildə nümayiş etdirir. Bununla belə, son zamanlar müşahidə olunan geosiyasi böhranlar bu əhəmiyyəti daha da artırıb.

2026-cı ildə İranın cəlb olunması ilə müşayiət olunan gərginlik və Hörmüz boğazı da daxil olmaqla dəniz marşrutlarının fəaliyyətində yaranan fasilələr Orta Dəhlizi nəqliyyat və enerji infrastrukturunun strateji cəhətdən alternativi olmayan elementinə çevirib", - nəşrdə qeyd olunur.

Müəllif vurğulayır ki, qlobal ticarətin artan fraqmentasiyası və ənənəvi nəqliyyat dəhlizlərinin geostrateji "dar boğazlara" çevrildiyi bir vaxtda Avropa üçün bu regiona investisiya qoyuluşu enerji resurslarının və mineral xammalın Qərbə fasiləsiz tədarükünü təmin etmək baxımından həyati zərurətə çevrilib.

TBNM və ya Orta Dəhliz Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Çin və Avropa ölkələrini birləşdirən beynəlxalq nəqliyyat dəhlizidir. Assosiasiya zəruri informasiya dəstəyi təqdim edir, inzibati prosedurların sadələşdirilməsinə, rəqabət mühitinin yaradılmasına töhfə verir və müxtəlif ölkələrdən olan iştirakçılar, o cümlədən coğrafi cəhətdən birbaşa Orta Dəhliz boyunca yerləşməyən ölkələr üçün maksimum səmərəliliyi təmin edir.

Qazaxıstan Nəqliyyat Nazirliyinin statistik məlumatına görə, bu marşrutla yükdaşımaların həcmləri sabit müsbət dinamika nümayiş etdirir: 2019-cu ildə 759 min ton, 2020-ci ildə 783 min ton, 2021-ci ildə 586 min ton, 2022-ci ildə 1,485 milyon ton, 2023-cü ildə 2,764 milyon ton, 2024-cü ildə 4,484 milyon ton yük daşınıb.

Türk Dövlətləri Təşkilatının (TDT) məlumatına görə, 2025-ci ildə Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcmi 4,7 milyon ton təşkil edib və 2027-ci ilədək 10 % artım gözlənilir. 2027-ci ilə qədər Orta Dəhlizin buraxılış qabiliyyəti ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialını gücləndirəcək və infrastruktur layihələrinə əlavə investisiyaların cəlb edilməsinə şərait yaradacaq.

Qeyd etmək lazımdır ki, 2030-cu il üçün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcminin 11,4 milyon tona çatdırılması hədəflənib.

Xəbər lenti