ABŞ-ın Denver şəhərində Los-Ancelesə uçmağa hazırlaşan “Frontier Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi uçuş zolağına daxil olan şəxsə çırpılıb.
Lent.az xəbər verir ki, hadisə nəticəsində təyyarənin sağ mühərrikində yanğın baş verib, zolağa çıxan şəxs isə həyatını itirib.
Məlumata görə, “Airbus A321” tipli təyyarə havaya qalxmaq üçün sürət yığarkən təhlükəsizlik hasarını keçərək zolağa daxil olmuş şəxsə çırpılıb. Pilotlar uçuşu dərhal dayandırıb, sərnişinlər təxliyə slaydları vasitəsilə təyyarədən çıxarılıb.
Təyyarədə olan 224 sərnişin və 7 ekipaj üzvü arasında ciddi xəsarət alan olmayıb. Lakin 12 nəfərin yüngül xəsarət aldığı, onlardan 5-nin ehtiyat məqsədilə xəstəxanaya aparıldığı bildirilib.
Hadisədən sonra ABŞ rəsmiləri və nəqliyyat təhlükəsizliyi qurumu araşdırmaya başlayıb. Təyyarənin mühərrikində yaranan yanğının səbəbi də araşdırılır.
təyyarə