IMG-LOGO

Mərkəz direktoru: "Azərbaycanda yetişəcək ilk süni intellekt mütəxəssisləri iş yerləri yaradacaqlar"

14 May 2026 10:59 3 baxış
IMG

Azərbaycanda yetişəcək ilk süni intellekt mütəxəssisləri iş axtarmayacaq, iş yerləri yaradacaqlar.

"Report" xəbər verir ki, bunu Almaniyanın Münhen Texniki Universitetinin süni intellekt prosessor dizaynı kafedrasının rəhbəri və (Munich Center for Advanced AI Chips) mərkəzinin direktoru Hussam Amrouch jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkədə bakalavr, gələcəkdə isə magistr proqramlarının yaradılmasına dəstək veriləcək: "Bu tərəfdaşlıqdan qürur duyuruq və süni intellekt dövründə təhsil və transformasiya sahəsində yüksək standartların qurulmasına töhfə verməyi səbirsizliklə gözləyirik. Hazırda Azərbaycan üçün süni intellekt sahəsində böyük imkanlar yaranır və ölkənin bu fürsətdən yararlanmaq potensialı yüksəkdir. Bir çox ölkələr indi süni intellekt sahəsinə qoşulmağa çalışır. Biz hesab edirik ki, Azərbaycan üçün də bu, böyük fürsətdir. Bu proses tələbələrdən, istedadların inkişafından və güclü təməldən başlayır. İnanırıq ki, Azərbaycan regionda fərq yaradacaq".

Onun sözlərinə görə, ilkin mərhələdə bakalavr proqramı ilə başlayan əməkdaşlıq uzunmüddətli tərəfdaşlıq münasibətlərinin əsasını qoyacaq: "Universitet kompüter elmləri və süni intellekt sahəsində malik olduğu bilik və təcrübəni azərbaycanlı tələbələrlə bölüşməyə hazırdır. Biz tələbələri Münhenə qəbul etməyi, onların Almaniyanın innovasiya ekosistemindən faydalanmasını və əldə etdikləri bilikləri Azərbaycana gətirməsini istəyirik. Almaniya və Azərbaycan sənaye sistemləri arasında da geniş əməkdaşlıq imkanları mövcuddur və bu əməkdaşlığın əsasında insan kapitalı dayanır"

Professorun fikrincə, layihənin ilk mərhələsi başa çatdıqdan sonra formalaşacaq ilk mütəxəssis nəsli artıq iş axtaran deyil, yeni iş yerləri yaradan tərəfə çevriləcək: "Biz süni intellekt, startap ekosistemi və sahibkarlıq sahəsində böyük imkanlar görəcəyik. TUM-un əsas üstünlüyü yalnız təhsil və tədqiqatda deyil, həm də sahibkarlıq sahəsində yüksək təcrübəyə malik olmasıdır".

Sonda o, Azərbaycanla uzunmüddətli və dayanıqlı tərəfdaşlıq münasibətlərinin qurulmasında maraqlı olduqlarını vurğulayıb.

Xəbər lenti