IMG-LOGO

"Sabah"ın futbolçusu Coy-Lens Mikels: "Mövsümün əvvəlində çempion olacağımızı belə düşünmürdük" - MÜSAHİBƏ

14 May 2026 10:48 2 baxış
IMG

"Sabah"ın futbolçusu Coy-Lens Mikels "Report"a müsahibə verib. Almaniyalı hücumçu Misli Premyer Liqasında və Azərbaycan Kubokunda qazandıqları çempionluqdan danışıb. "Zirə" ilə ölkə kubokunun final matçında qələbə qolunu vuran 32 yaşlı forvard 2025/2026 mövsümü ilə bağlı təəssüratlarını da bölüşüb. O, həmçinin komandasının avrokubok perspektivinə toxunub.

- Finalda "Zirə" üzərində qələbə qazanaraq Azərbaycan Kubokunu qazandınız. Təəssüratlarınız necədir?

- Düşünürəm ki, yaxşı oyun oldu. Matç boyu topa sahib olan tərəf biz idik. Amma təəssüf ki, rəqib qapıya ilk zərbəsində qol vurdu. Bu baxımdan bir az bəxtimiz gətirmədi. Lakin sona qədər döyüşdük, xarakter göstərərək qələbə qazandıq. Məncə, qələbəyə layiq idik. Çünki ən təhlükəli epizodları bizim komanda yaradırdı. Matç boyunca "Zirə"nin cəmi bir qol epizodu oldu. Bu səbəbdən qələbəyə layiq olan tərəf "Sabah" idi.

- Bir çox oyunlarda olduğu kimi, bu matçda da qol vuracağınızı düşünürdünüz?

- Bəli, qol vuracağımı hiss edirdim. Amma bunun nə vaxt olacağını bilmirdim. İlk hissədə qol vurmağa çox yaxın oldum, 2 dəfə təhlükəli vəziyyət yaratdım. Bir epizodda top dirəyə dəydi. Matçın sonlarında rəqib qapısına doğru irəliləyərkən topu başqa futbolçuya ötürməyi düşünmədim. Çünki hiss edirdim ki, bu, mənim parlayacağım andır. Və beləcə, öz qolumu vurdum. Çox gözəl hiss idi.

- Bu qolun cari mövsümdə ən vacib qolunuz olduğunu deyə bilərik?

- Bəli, məncə də elədir. Bu, ən vacib qolum idi.

- Həm Misli Premyer Liqasında, həm də Azərbaycan Kubokunda öz missiyanızı uğurla başa vurmusunuz. UEFA Çempionlar Liqasından gözləntiləriniz nələrdir?

- Komandanın vəziyyəti çox yaxşıdır. Düşünürəm ki, yaxşı oyunlar keçirəcəyik. Çünki sərgilədiyimiz futbol həqiqətən keyfiyyətlidir. Siz də gördünüz ki, "Qarabağ" belə bizə qarşı çətinlik yaşadı. Ümid edirəm ki, avrokuboklarda da qələbələr qazanacağıq.

- Ümumiyyətlə, bu mövsüm "Sabah"dan hansısa qitəmiqyaslı turnirin əsas mərhələsində iştirak etməsini gözləyə bilərik?

- Düşünürəm ki, bunu bacara bilərik. Çünki həmişə özümüzə inanır və güvənirik. Hesab edirik ki, turnirlərin birinin əsas mərhələsinə yüksələ bilərik. "Sabah" tarixində ilk dəfə Liqa mərhələsində oynaya bilər. Sadəcə, bunun hansı turnirdə olacağını bilmirik.

- Cari mövsümün əvvəlində qızıl dubl edəcəyinizə inanırdınız?

- Xeyr. Sözün düzü, mövsümün əvvəlində çempion olacağımızı belə düşünmürdük. Açıq danışsaq, belə bir düşüncə yox idi. Lakin baş məşqçimiz Valdas Dambrauskas "İmişli" ilə oyundan sonra bizə dedi ki, buna inanmalıyıq. O bildirdi ki, qış fasiləsinə qədər birinci yerdə ola bilərik və buna inansaq, istədiyimizi reallaşdırarıq. Belə desək, baş məşqçimiz "İmişli" ilə oyundan sonra bizə çempion ola biləcəyimizi söylədi.

- Bu mövsümün hazırkı bombardirisiniz. Əla mövsüm keçirmisiniz. Avropadan yaxşı təklif alsanız bunu dəyərləndirəcəksiniz?

- Mən "Sabah"da qalmaq istəyirəm. "Sabah" mənim ailəmdir. Bakıda özümü evimdəki kimi hiss edirəm. Ümid edirəm ki, yeni müqavilə ilə bağlı ortaq məxrəcə gələcəyik. Sonrasını zaman göstərəcək. Amma mən qalmağın tərəfdarıyam.

Xəbər lenti