Vətəndaş cəmiyyəti Qlobal Cənub ölkələri arasında əməkdaşlığın inkişafında əsas rol oynayır.
"Report" xəbər verir ki, bunu BMT-nin Cənub-Cənub Əməkdaşlıq İdarəsinin (UNOSSC) direktoru Dima Əl-Xatib Bakıda Qlobal Cənub QHT Platformasının Baş Assambleyası iştirakçılarına videomüraciətində bildirib.
Onun sözlərinə görə, qeyri-hökumət təşkilatları qlobal bilik, etibarlı əlaqələr və praktiki innovasiyalar gətirir, eləcə də qərarların yerli icmalar üçün real nəticələrə çevrilməsinə kömək edir.
Əl-Xatib vurğulayıb ki, vətəndaş cəmiyyətinin iştirakı xüsusilə iqlim dəyişikliyi ilə mübarizə, bərabərsizliyin azaldılması və şəhərlərin dayanıqlığının artırılması məsələlərində birgə təşəbbüslərin inklüzivliyini və miqyaslana bilməsini gücləndirir.
O, həmçinin bildirib ki, 2026–2029-cu illər üçün strateji proqram çərçivəsində UNOSSC Cənub-Cənub əməkdaşlığı və üçtərəfli qarşılıqlı fəaliyyət üzrə qlobal alyans yaradır.
"Alyans əməkdaşlığın uzlaşmasını, miqyasını və səmərəliliyini gücləndirməyə imkan verəcək. Bu, oxşar təşəbbüsləri tərəfdaşların, həllərin və maliyyələşdirmənin vahid qlobal ekosistemində birləşdirən çoxtərəfli platformadır", - o qeyd edib.
İdarə rəhbərinin sözlərinə görə, yeni platforma artıq sınaqdan keçirilmiş həllərin miqyasını genişləndirməyə, tələb və təklif arasında qarşılıqlı fəaliyyət mexanizmlərini gücləndirməyə, eləcə də qlobal, regional və milli səviyyələrdə səylərin əlaqələndirilməsini dəstəkləməyə kömək edəcək.