"Zirə" Azərbaycan Kubokunun finalında "Sabah"ın hücumları qarşısında sona qədər dözə bilməyib.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Mahmud Qurbanov deyib.
Təcrübəli mütəxəssis final qarşılaşması barədə fikirlərini bölüşüb:
"Zirə" 1:0 öndə idi, baxımlı qol vurmuşdular. Amma hesabı qoruyub saxlaya bilmədilər. Düşünürəm ki, "Sabah"ın hücumlarının qarşısında sona qədər dözməyə gücləri çatmadı. Düzdür, "Sabah"ın oyunçusu akrobatik tullanışla çox yaxşı qol vurdu. Buna baxmayaraq, görünürdü ki, "Zirə" hesabı qorumaq istəyir və daha çox müdafiədən oynamağa üstünlük verir. Lakin "Sabah"ın hücumları daha təhlükəli idi. Nəticədə hesabı bərabərləşdirdilər və son dəqiqələrdə sürətli əks-hücumda qələbə qolunu vurdular".
O, "Sabah"ın 2025/2026 mövsümündə çıxışını yüksək qiymətləndirib:
"Bu mövsüm "Sabah" komandası üçün uğurlu oldu. Həm çempionatda qızıl medal qazandılar, həm də kuboku əldə edərək "qızıl dubl"a imza atdılar. Baxımlı oyun və müsbət nəticələrlə bu mövsüm həm çempionatda, həm də kubokda ən güclü olduqlarını göstərdilər. "Sabah"da həm komanda, həm də oyunçuların fərdi keyfiyyəti baxımından çox yaxşı bir kollektiv qurulub".
Qeyd edək ki, "Palms Sports Arena"da keçirilən qarşılaşma "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.