IMG-LOGO

Madi Raimov: "Azərbaycan və Qazaxıstan TDT-də nəqliyyat inteqrasiyasının lokomotivləridir"

14 May 2026 13:28 2 baxış
IMG

Türk Dövlətləri Təşkilatının (TDT) mayın 15-nə planlaşdırılan qeyri-rəsmi sammiti süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsinə həsr olunacaq.

Bu barədə "Report"un yerli bürosuna qazaxıstanlı politoloq Madi Raimov bildirib.

Onun sözlərinə görə, bu gün məhz Azərbaycan və Qazaxıstan TDT-də nəqliyyat inteqrasiyasının inkişafının lokomotivləri kimi çıxış edir, çünki bu iki ölkə əlverişli coğrafi mövqeyə və maliyyə imkanlarına malikdir.

Politoloq hesab edir ki, buna görə də qeyri-rəsmi sammitdə TDT ölkələrinin liderləri Qazaxıstan və Azərbaycan vasitəsilə nəqliyyat marşrutunun inkişafını müzakirə edəcəklər: "Mənə elə gəlir ki, ən əsas məsələ hazırda Orta Dəhliz ətrafında gedir. Əsas benefisiarlar Qazaxıstan və Azərbaycandır. Mürəkkəb vəziyyət və ənənəvi marşrutların qeyri-sabitliyi fonunda məhz bu iki ölkə vasitəsilə nəqliyyat dəhlizi Avropaya mal tədarükü üçün ən vacib marşruta çevrilir. Bu gün Orta Dəhliz mövcud vəziyyətdə ən tələb olunan marşrutdur".

M.Raimov vurğulayıb ki, Qazaxıstan və Azərbaycan yüklərin təxminən iki həftə ərzində çatdırılmasını təklif edir: "Ölkələrimiz daşıma həcmlərini artırmaq istəyir. Zəngəzur dəhlizi açıldıqda yol daha da sürətli olacaq. Beləliklə, bu marşrut Çin üçün daha da vacib olacaq və ora investisiyalar yönələcək".

Politoloq əlavə edib ki, marşrutun inkişafı türk dünyası daxilində texnoloji mübadiləyə kömək edəcək.

Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi əlavə əhəmiyyət kəsb edir:

"Bir halda ki, biz İT və rəqəmsal inkişafdan danışırıq, bu da çox vacibdir. Qazaxıstan və Azərbaycan arasındakı layihə başa çatdırıldıqda internetin sürəti daha yüksək olacaq".

Xəbər lenti