İngiltərənin "Liverpul" klubunun hücumçusu Məhəmməd Salah zədəsini sağaldaraq yenidən yaşıl meydanlara dönüb.
"Report" Liverpul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Arne Slot sabah baş tutacaq "Aston Villa" ilə matçdan əvvəl mətbuat konfransında bildirib.
Əzələ zədəsi səbəbindən son iki oyunu qaçıran misirli futbolçu növbəti - "Aston Villa"ya qarşı keçiriləcək matçda komandasına kömək edə bilər. Mütəxəssis İbrahima Konatenin də zədəsini sağaldaraq məşqlərə qoşulduğunu, Alisson Beker və Florian Virtsin durumunun isə tibbi müayinədən sonra bəlli olacağını söyləyib.
Qeyd edək ki, "Liverpul" hazırda 59 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.