IMG-LOGO

Modeminizin sıradan çıxdığını göstərən 4 əlamət

14 May 2026 16:07 3 baxış
IMG
0 0

Wi-Fi router evdə ən çox istifadə olunan, amma problem yaranana qədər diqqət edilməyən cihazlardan biridir. Mütəxəssislərin sözlərinə görə, əksər routerlər orta hesabla 3-5 il işlədikdən sonra performansını itirməyə və tədricən nasazlıq göstərməyə başlayır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki,  routerin ömürünün sonuna yaxınlaşdığını göstərən bir neçə əsas əlamət var.

Wi-Fi siqnalının zəifləməsi və əhatə dairəsinin azalması

Əgər əvvəllər internetin problemsiz işlədiyi otaqlarda indi siqnal zəifləyirsə, səbəb internet provayderi deyil, routerin köhnəlməsi ola bilər. Zaman keçdikcə cihazın daxili antenaları və radio modulları zəifləyir.

Nəticədə siqnal divarlardan və digər maneələrdən əvvəlki kimi keçə bilmir. Bir vaxtlar bütün mənzili əhatə edən routerin təsir dairəsi nəzərəçarpacaq dərəcədə kiçilə bilər. Əgər routerdən bir qədər uzaqlaşdıqda bağlantı tez-tez qırılırsa və əvvəllər belə problem yox idisə, bu ciddi xəbərdarlıq siqnalıdır.

İnternet sürətinin aşağı düşməsi və bağlantının qeyri-sabit olması

Routerin sıradan çıxmağa başladığını göstərən digər əlamət internetin yavaşlamasıdır. Saytların gec açılması, videoların daim yüklənməsi, onlayn oyunlarda və zənglərdə gecikmələrin yaranması buna misaldır.

Bəzən bağlantı bir neçə saniyə və ya dəqiqəlik tamamilə kəsilə bilər. Bunun əsas səbəblərindən biri routerin məlumat paketlərini itirməsidir. Yəni göndərilən məlumat tam çatmadığı üçün yenidən ötürülməli olur və nəticədə sürət enir.

Cihazı yenidən başladıqda problem müvəqqəti aradan qalxa bilər. Amma nasazlıq təkrar olunursa, bu artıq avadanlığın köhnəldiyini göstərir.

Çox sayda cihazla işləyə bilməməsi

Müasir evlərdə smartfonlar, noutbuklar, televizorlar və digər ağıllı cihazlar eyni anda internetə qoşulur. Köhnə routerlər isə bu yükə tab gətirməkdə çətinlik çəkir.

Əgər yeni cihaz qoşulan kimi bütün evdə internet zəifləyirsə, gecikmələr yaranırsa və bağlantı sabitliyini itirirsə, router artıq yükü idarə edə bilmir deməkdir.

Köhnəlmiş proqram təminatı və yeniləmə problemləri

Routerin proqram təminatı ilə bağlı problemlər də təhlükəli siqnallardan sayılır. Yeniləmə zamanı cihazın donması, prosesin tamamlanmaması və ya yeniləmədən sonra yeni xətaların yaranması daxili yaddaş və ya texniki hissələrin köhnəlməsindən xəbər verə bilər.

Bəzi hallarda isə istehsalçı cihaz üçün dəstəyi dayandırır. Bu zaman router təhlükəsizlik və performans yeniləmələri almır və müasir şəbəkə tələblərinə uyğun işləyə bilmir.

Mütəxəssislər bildirirlər ki, routerdə bu problemlər tez-tez müşahidə olunursa, onu təmir etdirmək əvəzinə yeni model almaq daha məntiqli seçim ola bilər.

router modem

Xəbər lenti