Kanada Türkiyə pilotsuz uçuş aparatlarının (PUA) idxalı imkanını nəzərdən keçirir, baxmayaraq ki, cəmi bir neçə il əvvəl eyni PUA-ların istehsalı üçün Türkiyəyə komponentlərin tədarükünü bloklayan ölkələr arasında idi.
"Report" xəbər verir ki, bu barədə "Middle East Eye" nəşri mənbələrə istinadən yazıb.
Məlumata görə, Ottava kəşfiyyat və müşahidə üçün nəzərdə tutulmuş Türkiyə PUA-larının alınmasına maraq göstərir.
Bu, Türkiyənin Suriyadakı hərbi əməliyyatı fonunda 2019-cu ildə embarqo tətbiq etmiş Kanadanın siyasətində nəzərəçarpacaq dəyişiklikdən xəbər verir. O zaman Türkiyənin PUA istehsalçıları olan "Baykar" və TAI tərəfindən istifadə edilən Kanada şirkəti "Wescam"ın elektro-optik və infraqırmızı kameralarının tədarükü sanksiyalara məruz qalmışdı.
Embarqo fonunda Türkiyə şirkətləri kritik əhəmiyyətli sistemlərin yerli istehsalının inkişafını sürətləndirməyə məcbur oldular. Ötən illər ərzində Türkiyədə bənzər texnologiyalar üzrə bir neçə yerli istehsalçı formalaşıb.
Kanadanın Baş naziri Mark Karninin iyul ayında NATO sammiti zamanı Türkiyəyə səfər edəcəyi gözlənilir. Bundan əlavə, payızda ayrıca rəsmi səfər baş tuta bilər ki, bu çərçivədə də tərəflər müdafiə əməkdaşlığına dair yeni layihələri müzakirə etməyi planlaşdırırlar.