Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Bu barədə "Report"a agentlikdən məlumat verilib.
Bildirilib ki, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətini tam başa vuran, yaşı 26-dək, boyu 1.85 santimetr və ondan hündür, idman cüssəli, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış Bakı və Sumqayıt şəhərlərində, respublikanın Ucar, Göyçay, Goranboy, Yevlax, Bərdə, Ağdaş, Siyəzən, Şabran və Xaçmaz rayonlarında qeydiyyatda olmaqla yaşayan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə ilə müəyyən edilmiş şərtlərə cavab verən kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
"Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, fiziki və psixoloji gərgin olmasını, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağını nəzərə alaraq müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq. Ali təhsilli, xarici dillərdən hər hansı birini bilən və kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik vətəndaşlara üstünlük veriləcək", - məlumatda bildirilib.
Agentliyə xidmətə qəbul üçün fiziki hazırlıq üzrə nəzərdə tutulan minimal normativlər:
S/S
Hərəkətin növü
Məqbul
1.100 m. məsafəyə qaçış (saniyə) 14.0
2.1000 m. məsafəyə qaçış (dəqiqə, saniyə) 4.00
3.Turnikdə dartınma: 12
Qeyd olunub ki, iştirak etmək istəyən şəxslər elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə kadr@ somda.gov. az ünvanına Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Kadrlar idarəsinə göndərməlidirlər:
"Yalnız yuxarıda qeyd edilmiş şərtlərə uyğun gələn vətəndaşların müraciət etməsi xahiş olunur. Digər halda qəbul edilməyəcək. Elektron ərizə forması göndərilərkən əlavə məlumat göndərilməsinə zərurət yoxdur. Vətəndaşlar əlavə məlumat almaq üçün +994 (12)-435-45-39 , +994 (12)-435-45-46 nömrələri ilə əlaqə saxlaya bilərlər".