Azərbaycan dayanıqlı urbanizasiya ilə bağlı daha geniş milli prioritetlərin həyata keçirilməsini davam etdirir.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov Bakı Dövlət Universiteti (BDU) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində "Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu istiqamətdə əlçatan mənzil proqramlarının genişləndirilməsi, ictimai infrastrukturun modernləşdirilməsi həyata keçirilir:
"Azərbaycan dayanıqlı urbanizasiya ilə bağlı daha geniş milli prioritetlərin həyata keçirilməsini davam etdirir. Bu istiqamətdə əlçatan mənzil proqramlarının genişləndirilməsi, ictimai infrastrukturun modernləşdirilməsi, rəqəmsal ictimai xidmətlərin inkişafı, eləcə də bərpa olunan enerji layihələrinin ərazi inkişaf strategiyalarına inteqrasiyası həyata keçirilir. İqlim dəyişiklikləri, mənzil əlçatanlığı, resurslardan səmərəli istifadə, şəhər mobilliyi, rəqəmsal transformasiya və böhrandan sonrakı bərpa kimi məsələlər getdikcə daha çox inteqrasiya olunmuş və çoxşaxəli yanaşmalar tələb edir. Bu baxımdan, Ümumdünya Şəhərsalma Forumu (WUF13) kimi platformalar bilik mübadiləsi və beynəlxalq əməkdaşlıq üçün mühüm imkanlar yaradır. Bu platformalar hökumətlərə, akademik qurumlara, beynəlxalq təşkilatlara və şəhər inkişafı üzrə mütəxəssislərə təcrübə mübadiləsinin aparılmasına və dayanıqlı şəhər inkişafı üçün praktiki yanaşmaların formalaşmasına şərait yaradır".
Komitə rəsmisi iqlim, mənzil, resurslar, mobillik, rəqəmsallaşma və bərpa kimi məsələlərin çoxşaxəli yanaşma tələb etdiyini vurğulayıb:
"Bakıda keçiriləcək WUF13-də qəbul ediləcək qərarlar prosesini şəhərlərin və icmaların gələcəyi ilə bağlı qlobal müzakirələrə töhfə vermək üçün mühüm bir fürsət kimi qiymətləndiririk. Biz xüsusilə dövlət qurumları, texniki ekspertlər, universitetlər və beynəlxalq institutlar arasında dialoqun gücləndirilməsinə xüsusi önəm veririk. Dayanıqlı urbanizasiya yalnız investisiya və infrastruktur deyil, həm də institusional öyrənmə və uzunmüddətli insan kapitalının inkişafını tələb edir. Əminəm ki, bugünkü müzakirələr əməkdaşlıq şəbəkələrinin möhkəmləndirilməsinə və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcək. Həmçinin müzakirələr zamanı əldə olunacaq nəticələr şəhərsalma sahəsində praktiki əhəmiyyət daşıyan elmi tədqiqatların aparılmasına yeni impuls verəcək".