IMG-LOGO

Elçin Babayev: "Azərbaycan şəhər inkişafının yeni modelini formalaşdırır"

15 May 2026 10:51 2 baxış
IMG

Azərbaycan şəhər inkişafının keyfiyyətcə yeni modelini formalaşdırır.

"Report" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Bakı Şəhərsalma Həftəsi çərçivəsində "Dayanıqlı və balanslaşdırılmış şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfransın açılışında çıxışı zamanı deyib.

E.Babayevin sözlərinə görə, bu gün Azərbaycanda şəhərlər sadəcə bərpa edilmir, həm də faktiki olaraq müasir tələblər əsasında yenidən qiymətləndirilir.

"Prezident İlham Əliyevin rəhbərliyi altında şəhərlərin sadəcə bərpa edilmədiyini, həm də yenidən qiymətləndirildiyi bir transformasiyanın şahidi oluruq. Azad edilmiş ərazilərdə quruculuq işlərindən tutmuş "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqinə qədər şəhər inkişafının yeni modeli formalaşdırılır", - o bildirib.

Rektor qeyd edib ki, bu gün Bakı Dövlət Universiteti gələcəkdə şəhərlərin inkişafında mühüm qərarları qəbul edən şəxslərə çevriləcək yeni nəsil mütəxəssislər - analitiklər, şəhərsalma mütəxəssisləri və innovatorlar hazırlayır.

Bununla yanaşı, Elçin Babayev vurğulayıb ki, real şəhər problemlərini dar çərçivədə "iqtisadi", "coğrafi" və ya "texnoloji" olaraq təsnif etmək qeyri-mümkündür, çünki onlar hər zaman mürəkkəb və bir-biri ilə əlaqəli çağırışlar kompleksini təşkil edir.

Xəbər lenti