IMG-LOGO

Cavid Qurbanov: "Azərbaycan 6 il ərzində tranzit daşımalarını 2,5 dəfə artırıb"

15 May 2026 11:31 2 baxış
IMG

Azərbaycan 6 il ərzində tranzit daşımalarını 2,5 dəfə artırıb.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Astanada TRACECA Hökumətlərarası Komissiyasının XVIII iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan üzərindən tranzit daşımalarının ümumi həcmi 14,3 milyon tona çatıb ki, bu da 2019-cu ilin göstəricisini 2,5 dəfə üstələyir: "Bu həcmin təxminən 4,7 milyon tonu Orta Dəhliz vasitəsilə daşınıb – bu, onun regional bağlantının təmin edilməsində artan rolunu nümayiş etdirir".

O vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi işlərinin başa çatması mühüm mərhələ olub. Bunun sayəsində marşrutun ötürmə qabiliyyəti ildə 1 milyon tondan 5 milyon tona yüksəlib.

C.Qurbanov həmçinin bildirib ki, 2025-ci ildə Bakı Beynəlxalq Dəniz Limanı vasitəsilə konteyner daşımalarının həcmi 40 % artaraq rekord göstəriciyə - 107 min TEU-ya çatıb: "Limanın inkişafının ikinci mərhələsi çərçivəsində onun ötürmə qabiliyyətinin 2030-cu ilədək 25 milyon tona və 500 min TEU-ya çatdırılması planlaşdırılır".

Nazir müavini qeyd edib ki, Azərbaycan nəqliyyat və logistika sahəsinin rəqəmsallaşdırılmasını, o cümlədən elektron CMR-lərin, permit-sistemlərinin və rəqəmsal "bir pəncərə"nin tətbiqini fəal şəkildə inkişaf etdirir.

Xəbər lenti