Universitetlər davamlı şəhərsalma haqqında biliklərin tətbiqi üçün unikal imkana malikdir.
"Report" xəbər verir ki, bunu BMT-Habitat-ın qlobal biliklər şöbəsinin potensialın inkişafı bölməsinin əməkdaşı Rafael Vinyol Bakı şəhərsalma həftəsi çərçivəsində keçirilən "Təhsil, tədqiqatlar və potensialın inkişafı: davamlı şəhər gələcəyi üçün şəraitin yaradılması" panel sessiyasında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, yerlərdə artıq uğurla həyata keçirilən və müxtəlif maraqlı tərəf qruplarını cəlb edən təcrübələr əsas əhəmiyyət kəsb edir.
Vinyol vurğulayıb ki, bu il Bakıda keçiriləcək WUF13 innovativ yanaşmaya xüsusi diqqət yetirir.
"Dünya Şəhər Forumu çərçivəsində universitetlərin, bələdiyyələrin, urbanistlərin, biznesin, beynəlxalq təşkilatların, texnologiya şirkətlərinin mücərrəd nəzəriyyələrlə deyil, şəhərlərin transformasiyası üçün konkret praktiki həllərlə mübadilə edə biləcəyi unikal platformalar yaradılır", - o qeyd edib.