Azərbaycanın ənənəvi memarlığı müasir və davamlı tikinti üçün yeni həll mənbəyi ola bilər, çünki şəhərlərin inkişafı tarixi kimlik qorunmadan və yeni nəsil mütəxəssislər yetişdirilmədən mümkün deyil.
"Report" xəbər verir ki, bunu ADA Universitetinin Dizayn və Memarlıq Məktəbinin dekan müavini Nora Lombardini Bakıda keçirilən "Dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması" mövzusunda beynəlxalq konfransın panel sessiyasında çıxışı zamanı bildirib.
"Məsələn, Azərbaycandakı köhnə və ənənəvi binaları öyrənməklə müasir tikililər üçün də yeni strategiyalar tapmaq olar. Biz keçmişi nəzərə almalı və onu gələcəklə birləşdirməli, müasir tələblərə uyğunlaşdırmalıyıq", - Lombardini vurğulayıb.
O qeyd edib ki, bu gün tələbələr gələcəyin əsas insan kapitalıdır. Müasir təhsil klassik tədris çərçivəsindən kənara çıxmalı və kommunikativ bacarıqların inkişafını, şəhər mühitinin dərk edilməsini və cəmiyyətlə fəal qarşılıqlı əlaqəni əhatə etməlidir.
O, həmçinin vurğulayıb ki, müəllimlər və təhsil müəssisələri bu gün texnologiyaların, o cümlədən süni intellektin sürətli inkişafını nəzərə almaya bilməz.
"Bu gün biz süni intellekti nəzərə almaya bilmərik. Biz müəllimlər olaraq onu idarə etməyi bacarmalı, sonra isə bunu tələbələrə öyrətməliyik", - Lombardini qeyd edib.
Onun sözlərinə görə, müasir tələbələr təkcə müəllimlərlə deyil, həm də şəhərlərin inkişafında və transformasiyasında iştirak edən bütün sahələrin nümayəndələri ilə qarşılıqlı əlaqədə olmalıdırlar.