17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) öz tarixinin ən böyük şəhərsalma sərgisinə ev sahibliyi edərək Bakı Olimpiya Stadionunu innovasiya, əməkdaşlıq və dayanıqlı urbanistik həllərin nümayiş olunduğu qlobal arenaya çevirəcək.
Bu barədə "Report"a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, 3.5 hektar ərazini əhatə edən "Urban Expo" sərgisi 66 ölkədən 217-dən çox təşkilatı bir araya gətirməklə yanaşı, hökumətlər, vətəndaş cəmiyyəti, akademik dairələr, beynəlxalq qurumlar və özəl sektor nümayəndələrinin WUF13-ün "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusu ətrafında fikir mübadiləsi aparması, təşəbbüslər irəli sürməsi və tərəfdaşlıq əlaqələri qurması üçün dinamik platforma funksiyasını yerinə yetirəcək.
"Urban Expo" iştirakçıları qlobal mənzil böhranı üzrə praktiki həll yolları ilə tanış edən immersiv sərgidir. Sözügedən sərgidə mənzil təminatı, iqlimədavamlılıq, rəqəmsal innovasiya, müyəssərlik və inklüziv şəhərsalma sahələri üzrə böyük milli pavilyonlardan icma əsaslı təşəbbüslər və startap innovasiyalarına qədər müxtəlif yanaşmalar nümayiş olunacaq.
Bu il keçiriləcək "Urban Expo" sərgisi vətəndaş cəmiyyətini təmsil edən təşkilatların sosial inklüzivlik və müyəssərliyə həsr olunmuş xüsusi qruplar və müştərək pavilyonlar şəklində rekord səviyyəli iştirakı ilə yadda qalacaq. Həmçinin yeni yaradılmış "Biznes və innovasiyalar mərkəzi" adlı platformada təmsil olunan 45 şirkət və 14 startap layihəsi də daxil olmaqla, sərgi proqramında özəl sektorun nəzərəçarpacaq dərəcədə geniş iştirakı gözlənilir.
"Urban Expo" sərgisinin mərkəzi elementi isə şəbəkələşmə, qeyri-rəsmi müzakirələr və qarşılıqlı ünsiyyət üçün nəzərdə tutulmuş 2.5 hektarlıq açıq hava məkanı - WUF13 Bulvarıdır. Burada iştirakçılar "Şəhər kitabxanası" və "Şəhər kinoteatrı", eləcə də "WUF Akademiyası" kimi müxtəlif sərgi və proqram məkanları ilə tanış ola biləcəklər.
"Urban Expo" sərgisi bazar günü 17 may tarixindən etibarən iştirakçılar üçün açıq olacaq. Rəsmi açılış isə 18 may tarixində, saat 10:00-da "Urban Expo" məkanında keçiriləcək. Açılış zamanı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxın iştirakı ilə lentkəsmə mərasimi baş tutacaq.
WUF13 "Urban Expo" sərgisi yerli təşəbbüs qruplarından tutmuş milli hökumətlərə, eləcə də tədqiqatçılardan başlayaraq startap nümayəndələrinə qədər şəhərlərin gələcəyini formalaşdıran müxtəlif tərəfləri bir araya gətirir.
Ümumdünya Şəhərsalma Forumunun tarixində ən böyük sərgisi olan "Urban Expo" sərgisi əməkdaşlığın və tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə, eləcə də mənzil təminatı və dayanıqlı şəhərsalma sahəsində qlobal müzakirələrin praktiki fəaliyyət, innovasiya və qarşılıqlı təcrübə mübadiləsi ilə əlaqələndirilməsinə xidmət edir.
"Urban Expo" sərgisi ilə bağlı ətraflı məlumatı Urban Expo səhifəsindən əldə etmək mümkündür.