IMG-LOGO

NYT: ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır

16 May 2026 02:45 3 baxış
IMG

ABŞ Prezidenti Donald Trampın administrasiyası diplomatik səylər danışıqlarda irəliləyişə səbəb olmayacağı halda, İrana hərbi zərbələrin bərpa olunması ssenariləri üzərində işləyir.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Trampın məsləhətçiləri artıq zərbələrin ehtimal olunan bərpası, o cümlədən eskalasiya halında daha irimiqyaslı bombardman planlarını hazırlayıblar. Bununla belə, mənbələr qeyd ediblər ki, ABŞ Prezidenti hələ yekun qərar qəbul etməyib. Paralel olaraq, bir sıra ölkələr Tehranı Hörmüz boğazını yenidən açmağa sövq edəcək və Ağ Evə əməliyyatın siyasi uğuru barədə bəyanat verməyə imkan yaradacaq kompromis hazırlamağa çalışır.

Tramp jurnalistlərə bildirib ki, İranın son sülh təklifi qəbuledilməzdir və ABŞ-nin maraqlarına uyğun gəlməyən təşəbbüsləri müzakirə etməyə hazır deyil.

NYT-nin yazdığına görə, hərbi planlara bir neçə variant daxildir: İranın hərbi infrastrukturuna genişləndirilmiş aviazərbələrdən tutmuş, yeraltı nüvə obyektlərinə qarşı xüsusi təyinatlı qüvvələrin ehtimal olunan istifadəsinə qədər. Regionda artıq on minlərlə ABŞ hərbçisi, aviadaşıyıcı qruplar və hazır vəziyyətdə olan döyüş təyyarələri cəmləşdirilib.

İran tərəfi isə, öz növbəsində, cavab tədbirlərinə hazır olduğunu bildirir və istənilən yeni təcavüzə "qətiyyətli reaksiya" veriləcəyi barədə xəbərdarlıq edir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Xəbər lenti