IMG-LOGO

Niyə narahatedici yuxular görürük?

16 May 2026 10:01 2 baxış
IMG
10 0

Psixoloqlar hesab edir ki, qorxulu yuxular insan psixikasının emosional yüklənmə ilə mübarizə aparmaq üçün istifadə etdiyi mexanizmlərdən biri ola bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mövzu ilə bağlı araşdırma aparan "Psychology Today" nəşri yuxuların xüsusilə stress dövründə daha qəribə və emosional olduğunu söyləyir.

Alimlər gündəlik emosiyalar, stress səviyyəsi və gecə beynin fəaliyyəti arasındakı əlaqəni daha dərindən öyrənirlər. Psixologiyada yuxuların funksiyasını izah edən iki əsas nəzəriyyə mövcuddur: davamlılıq nəzəriyyəsi və emosional tənzimləmə nəzəriyyəsi.

Davamlılıq nəzəriyyəsinə görə, yuxular insanın gündəlik yaşadığı emosiyaların davamıdır. Yəni beyin gecələr gündüz yaşanan hissləri təkrar göstərir. Buna görə ağır iş günündən sonra insanlar işlə bağlı səhvlər, qeyri-müəyyənlik dövründə isə nəzarəti itirmək barədə yuxular görə bilirlər.

Psixoloqlar bildirirlər ki, bəzən yuxunun mövzusu ilə real həyatda yaşanan problem eyni olur, bəzən isə yalnız emosional vəziyyət üst-üstə düşür. Bu səbəbdən universiteti illər əvvəl bitirmiş insanlara belə imtahan və ya unudulmuş dərslərlə bağlı yuxular görünə bilər.

Digər nəzəriyyə emosional tənzimləmə nəzəriyyəsi isə daha optimist yanaşma təqdim edir. Bu nəzəriyyəyə əsasən, yuxular sadəcə emosiyaları əks etdirmir, həm də onların emal olunmasına kömək edir. Beyin yuxu zamanı stressli vəziyyətləri “yenidən yaşayır”, qorxuları analiz edir və emosional uyğunlaşma prosesini həyata keçirir.

Araşdırmalar göstərib ki, emosional və canlı yuxular görən insanlar sonradan psixoloji baxımdan daha yaxşı bərpa ola bilirlər. Xüsusilə boşanmadan sonra depressiya yaşayan şəxslər üzərində aparılan tədqiqatda keçmiş partnyorları haqqında tez-tez yuxu görən insanların bir il sonra daha az depressiya əlaməti göstərdiyi müəyyən edilib.

Alimlər qeyd edir ki, qorxu ilə bağlı yuxular görən insanların beynində oyanışdan sonra qorxu reaksiyasına cavabdeh sahələrin aktivliyi azalır. Bu isə beynin yuxu zamanı emosiyalara qarşı bir növ məşq etdiyini göstərir.

Mütəxəssislər stressli yuxuların sayını azaltmaq üçün yatmazdan əvvəl sakitləşdirici dövr yaratmağı tövsiyə edirlər. Buna işdən uzaqlaşmaq, telefondan az istifadə etmək, kitab oxumaq, isti duş qəbul etmək və yüngül hərəkətlər etmək daxildir.

Psixoloqlar vurğulayırlar ki, hər narahatedici yuxu insanın problemlərin öhdəsindən gələ bilmədiyi anlamına gəlmir. Əksinə, bəzi hallarda bu cür yuxular psixikanın çətin emosional dövrə uyğunlaşmağa çalışdığını göstərə bilər.

qorxulu yuxular

Xəbər lenti